Türkiyə ordusu İraqın şimalındakı kürd yaraqlıların mövqelərini atəşə tutub. İraq Kürd təhlükəsizlik qüvvələrinin sözçüsü bildirib ki, hücum bu gün səhər başlayıb. Dağıntılar və ölənlər barədə məlumat verilmir. Keçən ay rəsmi ankara İraqın şimalındakı dağlarda PKK-nın sığınacaqlarını hədəfə alan hava hücumları və sərhədi aşaraq kiçik miqyaslı əməliyyatlar həyata keçirib. Bu həftənin əvvəli Türkiyənin CNN-Türk telekanalı ölkənin xarici işlər naziri Əli Babacana istinadən bildirib ki, rəsmi Ankara İraqın şimalındakı kürd yaraqlılara qarşı quru hücumuna keçməyə hazırlaşır. PKK 1984-cü ildən Türkiyədə müxtariyyət almaq uğrunda mübarizə aparır. Bu günə kimi zorakılıqlar zamanı 30 mindən çox insan həlak olub.