Pakistanın şimal-qərbindən verilən məlumata görə, qarşıdan gələn seçkilərdə müxalif namizədin ofisi yaxınlığında baş verən partlayış ən azı 37 nəfərin həyatına son qoyub. Şahidlərin sözlərinə görə, partlayış bu gün Paraçinarda mərhum Benazir Bhuttonun Pakistan Xalq Partiyasının tərəfdarlarının seçki mitinqindən sonra baş verib. Bu gün Pərviz Müşərrəfin hakimiyyətdə qalıb-qalmayacağını müəyyən edəcək bazar ertəsi parlament seçkilərinin son təbliğat kampaniyası günüdür. Müxalifət partiyaları seçkilərin saxtalaşdırılacağını iddia edir. Cənab Müşərrəf isə səsvermənin şəffaf keçəcəyinə söz verib, ancaq o, seçkilərdən sonra etiraz aksiyalarının təşkilinə yol verməyəcəyi barədə xəbərdarlıq edib.