Rəsmilərin bildirdiyinə görə, Pakistanın Ali Məhkəməsi prezident Pərviz Müşərrəfin yenidən prezident seçilməsi ilə əlaqədar altı şikayətdən beşini ləğv edib. Baş prokuror Məhəmməd Qəyyum bunu məsələnin hüquqi prosedurlarla əlaqələndirib, lakin bir şikayətə həftə sonu baxılacağını deyib.
Opponentləri Pərviz Müşərrəfin baş komandan qalmaqla oktyabr ayında yenidən prezident şeçilməsinə qarşı çıxır. Xatırladaq ki, prezident Müşərrəf seçkilərə qədər hərbi komandan vəzifəsindən istefa verməyə söz vermişdi.
Rəsmilər bu gün səhər prezident Müşərrəfin parlament seçkilərinin yanvar ayının 8-də keçirilməsi barədə qərarı təsdiq etdiyini, lakin fövqəladə vəziyyətin o vaxtadək ləğv edilib-edilməyəcəyi barədə heç nə demədiyini bildirmişlər. Müxalifət lideri və sabiq baş nazir Benəzir Bhutto isə seçkiləri boykot edəcəyini bildirib.