Accessibility links

Ekspert Tom de Vaal Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə həllinə nikbin baxmır


Londonda yerləşən Sülh və Müharibə İnstitutunun Qafqaz üzrə proqram direktoru və “Qara Bağ” kitabının müəllifi Tom de Vaal bu günlərdə Amerikanın Səsinə müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli perpspektivləri haqda danışıb. Cənab de Vaal vurğulayıb ki, danışıqların irəli getməsinə başlıca maneə Dağlıq Qarabağın statusudur ki, bu məsələdə tərəflər tam razılığa gələ bilmirlər. Məhz buna görə də vasitəçilər hələlik status məsələsini təxirə salmaqla başqa məsələlərə diqqət yetirirlər. Qaçqınların evlərinə dönməsi, işğal olunmuş torpaqların geri qaytarılması, referendum və Qarabağ ermənlilərinin təhlükəsizliyinin müzakirəsi status məsələsini müvəqqəti olaraq arxa plana keçirməyə və sülhə şərait yaratmağa imkan verə bilər. ATƏT-in Minsk qrupu vasitəçilərinin, ələlxüsus Amerikalı Mətt Brayzanın müsbət notlu bəyanatlarına toxunarkən isə de Vaal o dərəcədə nikbin olmadığını bildirib. Onun fikrincə əvvəllər də vasitəçilər Rambuyedə və Buxarestdə oxşar bəyanatlarla çıxış etmiş, lakin sonrada konkret nəticə əldə olunmamışdır. Ekspertin sözlərinə görə buna başlıca səbəb odur ki, hamı danışıqlardan qalib çıxmağa çalışır. Lakin sülh müqaviləsi qısa müddətdə kompromis və mümkün məğlubiyyət görüntüsü deməkdir. "Liderlər öz xalqlarına nailiyyət göstərmək istəyirlər. Sülh müqaviləsində isə mənfi aspektlər də əks olunur. Və o səbəbdən heç kəs bunu özünə yaxın buraxmaq istəmir," deyə Tom de Vaal bildirib.
XS
SM
MD
LG