Accessibility links

İsrail Həmas liderlərinin hədəf alındığını təsdiq edib


İsrail Qəzza Zolağında Həmas İslam qrupunun liderlərinin hədəfə alındığını və hücum zamanı bir qanunvericinin öldürüldüyü barədə məlumatı təsdiq edib. Son 24 saat ərzində İsrail hərbi təyyarələrinin zərbələri nəticəsində azı 12 fələstinli qətlə yetirilib.

İsrail keçən çərşənbə günündən bəri Qəzzadan sərhəd zonaya 130-dan çox raket atıldığını və buna görə də Həmasın həm yaraqlı, həm də siyasi liderlərinin hədəfə alındığını deyir. Kabinet naziri Giedon Ezra İsrail radiosuna verdiyi müsahibəsində deyib ki, Həmasın siyasi liderləri fələstinliləri yəhudi yaşayış məntəqələrinə hücum etməyə çağırırlar. Buna görə də onlar hədəf alınırlar.

Ezra bu bəyanatı İsrail təyyarəsinin Qəzzə şəhərində Həmasın yüksək vəzifəli rəsmisinin evinə hücumundan bir neçə saat sonra verib. Hücum həyata keçirilən zaman Fələstin rəsmisi evdə olmayıb. Lakin onun bir neçə qohumu və iki yaraqlı da daxil edilməklə, 8 nəfərin həlak olduğu bildirilir.

Həmas isə bu hücumun əvəzində İsrail şəhərlərində intiharçı hücumlarının həyata keçirilməsinə çağırıb. Həmasın Qəzzadakı lideri Nizar İyan İsraildən son yəhudini qovana qədər vuruşacaqlarına söz verib.

XS
SM
MD
LG