Accessibility links

Diyala vilayətindəki hücum zamanı xlorin qazından istifadə edilib


İraq polisinin bildirdiyinə görə, Bağdadın şimal-şərqində, şiələrin yaşadığı Diyala vilayətində maşına yerləşdirilmiş bomba partlayışı azı 32 nəfərin ölümünə, onlarla adamın yaralanmasına səbəb olub. Tibb rəsmiləri hücum zamanı xlorin qazından istifadə olunduğuna inandıqlarını bildiriblər. Belə ki, yaralananların çoxu çətin nəfəs alır. Hücum sünnülərin yaraqlıların istehkamı olan Baqubadan 40 kilometr məsafədə baş verib.

Ölkənin cənubundakı Nasiriyyədə İraq təhlükəsizlik qüvvələri və dini lider Müqtəda əl-Sərd tərəfdarı şiə yaraqlılar arasında döyüş zamanı azı 9 nəfərin həlak olduğu bildirilir. ABŞ-ın Bağdaddakı rəsmiləri bildiriblər ki, şəhərin güclü mühafizə olunan “Yaşıl Zona” adlanan hissinə on minomyot mərmisi dəyib. Nəticədə iki iraqlı həlak olub.

Bu arada, ABŞ hökumətinin açıqladığı hesabata əsasən, İraqda hərbi qüvvələrin sayının artırılması və təhlükəsizlik əməliyyatları nəticəsində ölkə üzrə hücumların sayı azalıb. ABŞ-ın İraqdakı hərbi qüvvələri isə bildirir ki, Əl-Qaidə ilə əlaqəsi olan yaraqlılar tərəfindən oğurlanmış 3 əsgərin axtarışı ilə əlaqədar yüzlərlə adam istintaq edilib, 11 nəfər saxlanılıb.

XS
SM
MD
LG