Avropa Birliyi Gürcüstanın Xəzər regionundan neft və qazın daşınmasında tranzit ölkə kimi rolunun artdığını bəyan edib.
Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Andris Pyebalqs təşkilatın Azərbaycanın paytaxtı Bakıdan Qərbi Avropaya mümkün nəqliyyat marşrutlarını araşdırdığını deyib. O, əsas marşrutların Rusiyadan keçdiyini nəzərə alaraq bu səylərin regionun vahid təchizatçıdan asılılığını azaltmağa yönəldiyini deyib.
Bu bəyanatları komissar Brüsseldə Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili ilə görüşdən sonra verib. Gürcüstan da öz növbəsində özünün nəqliyyat infrastrukturuna sərmayə təşviq etməyə çalışır.
Avropa Birliyi 2006-cı ildə Ukrayna ilə Rusiya arasında qazın qiyməti ilə bağlı mübahisədən dolayı mavi yanacaq nəqlinın kəsilməsindən sonra özünün enerji mənbələrini müxtəlifləşdirməyin yollarını axtarır.