Accessibility links

Güneylilər may mitinqlərinin ildönümünə hazırlaşır


Abbas Lisani 24 saat nəzarət altındadır
İran Azərbaycanında yeni siyasi hökmlər
Həbsini gözləyən fəal Amerikanın səsinə danışdı
İran Azərbaycanı May mitinqlərinin ildönümünə hazırlaşır
Azərbaycanlılar "Aftabe Yəzd" qəzetinin yumor hissini bəyənmir
5000 tümənliklər Nəqədehdə siyasi təqiblərə səbəb olub
Bakıda İran səfirliyi qarşısında piket keçirilib
Təbrizdə ilk İran bələdiyyəsinin 100 illiyi qeyd olunur
İran yazıçıları etiraz edirlər

Abbas Lisani 24 saat nəzarət altındadır

Hüquq müdafiəçilərinin verdiyi məlumata görə, rejim tərəfindən həbsə alınmış milli hüquqlar uğrunda hərəkatın liderlərindən olan Abbas Lisani Ərdəbil həbsxanasında təqiblərə məruz qalır.

Bildirilir ki, əmniyyət qüvvələri Lisaninin saxlanıldığı həbsxana otaqlarına gizli kameralar quraşdırıb: "Cənab Lisaninin hər hərəkəti izlənilir, onun yazdığı yazılar oxunur. Onunla əlaqədə olan söhbət edən məhbuslara ağır cəzalar verərək, Abbas Lisanidən təcrid edirlər," deyə Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasından Amerikanın səsinə bildiriblər.

İran Azərbaycanında yeni siyasi hökmlər

Bu arada Azərbaycanlı siyasi məhbusları müdafiə Komitəsi ASMEK İran Azərbaycanında daha bir neçə siyasi hökmün kəsildiyi barədə məlumat verir. Son məlumatı ASMEK-in sözçşüsü Əlirza Quluncudan almışıq. Onun sözlərinə görə, bu günlərdə Urmiyəli fəal Əlirza Qomiyə bir il həbs cəzası kəsilib. O, Ana dili günü ilə bağlı nümayişlərdə telefonu ilə video çəkiliş apardığına görə həbs edilib. Bu gün isə eyni gündə həbs olunan Urmiyəli jurnalist İsmayil Cavadi və digərlərinin məhkəməsi başlanıb. Cənab Quluncunun verdiyi məlumata görə, məhkəmə dinləmələri hələ başa çatmayıb. ASMEK-in verdiyi məlumata görə, Apellyasiya Məhkəməsi Urmiyəli jurnalist, Yarpaq və Fərdaye Ma (Bizim Sabah) qəzetlərinin yazarlar şurasının üzvü Rəsul Cəfərinin və Xudayar Teymurinin altı aylıq həbs cəzalarını qüvvədə saxlayıb.

Əlirza Qomi Amerikanın səsinə danışdı

Amerikanın səsi apellyasiya hökmünü gözləmək üçün 20 gün vaxt verilən Əlirza Qomi ilə əlaqə saxlamağa nail olub. Əlirza Qomi ona verilən hökmün haqsız olduğunu bildirir.

Cənab Qominin İran rejiminə sualları var. O, türk olduğuna görə, düşüncə tərzinə görə həbslərin hansı qanunlara sığdığını sual edir. Cənab Qumi həbsin onu sındıra bilməyəcəyini deyib.

İran Azərbaycanı May mitinqlərinin ildönümünə hazırlaşır

Bu arada İran Azərbaycanında 2006-cı il May - xordadın 1-i aksiyalıarının ildönümünə hazırlıq gedir. Əlirza Quluncunun sözlərinə görə, İran Azərbaycanının bütün şəhərlərində aksiyaların ildönümünə həsr olunmuş vərəqələr yayılıb. Vərəqələrdə aksiyalara çağırışlar səsləndirilib. Cənab Quluncunun sözlərinə görə, vərəqələrlə birgə son zamanlar İran qəzetlərində yer alan yeni alçaldıcı karikaturaların surəti də əhaliyə paylanılıb.

"Aftabe Yəzd" qəzetinin karikaturu etiraza səbəb olub

İran Azərbaycanında 2006-cı il May mitinqlərinin ildönümünə hazırlıq getdiyi məqamda həmin aksiyalara səbəb olan karikaturaya bənzər şarjlar Aftabe Yəzd qəzetində dərc olunub. Yeni karikaturada da tarakan əks olunub. Türkcə "xalaqızı" adlandırılan tarakanın qəssabbaşı və digər peşə sahiblərilə anlaşa bilməməsi və sonunda siçanla evlənmək məcburiyyətində qaldığı əks etdirilən karikaturaya rəsmilərdən hələlik reaksiya verilməyib və qəzet nəşrini əvvəlki qaydada davam etdirir. Karikatura güneyli azərbaycanlılar arasında narazılıq doğurub.

5000 tümənliklər Nəqədehdə siyasi təqiblərə səbəb olur

Bu arada Nəqədeh şəhərində təzyiqlərə İranda bir qədər bundan əvvəl dövriyyəyə buraxılan 5000 tümənlik əskinasların səbəb olduğu bidlirilir. Xatırladaq ki, əskinasların üzərində nüvə simvolu ilə yanaşı müəllifliyi Məhəmməd peyğəmbərə aid edilən bir cümlə yer alıb: "Elm Sürəyya ulduzunda olsa da, fars kişilərinin ona əli çatacaqdır". Qeyd edək ki, teoloqlar Məhəmməd peyğəmbərin belə bir hədisi söyləmədiyini deyiblər.

Bir qədər əvvəl yeni əskinasların İran Azərbaycanında etiraza səbəb olduğu barədə verilən xəbərlər verilmişdi. Belə ki Təbriz bazarında dükançıların əskinasları qəbul etməkdən imtina etdiyi bildirilmişdi. Nəqədeh şəhərində isə eyni addımı atan dükançılar ETTELAAT-ın yerli idarəsinə çağırılaraq təhdid olunmuşlar. ASMEK-in verdiyi xəbərə əsasən, onlardan yeni əskinasın azad dövriyəsinə maneə törətməmək tələb olunub.

Bakıda İran səfirliyi qarşısında piket

Aprelin 27-sində Bakıda bir qrup milli İstiqlal Partiyasının üzvü İran səfirliyi qarşısında piket keçirməyə cəhd göstərib. Aksiya iştirakçıları siyasi məhbuslara azadlıq tələbi ilə yanaşı rəsmi Bakıdan da İran rejimi ilə dissidentlərin təqibi üzrə əməkdaşlığa son qoymağı tələb ediblər. Polis piketin keçirilməsinə mane olub.

Təbrizdə İranın ilk bələdiyyəsinin yüzilliyi keçirilir

Bu günlərdə 4500 illik tarixi olan Təbriz şəhərində İranda ilk bələdiyyənin yaradılmasının 100 illik ildönümü keçirilir. Qeyd edək ki, bələdiyyələr Azərbaycan şəhərlərindən başlayan Məşrutə hərəkatının ilk qələbəsinin təzahürü kimi İranda tətbiq olunmağa başlayıb. Təbriz şəhəri regionda bir çox demokratik dəyişikliklərin önündə gedib. 1811-ci ildə İran ərazisində ilk mətbəə də bu şəhərdə fəaliyyətə başlayıb. 1888-ci ildə İran ərazisində ilk dəfə Təbrizdə işə başlayan dünyəvi müasir məktəbdə azərbaycanca dərslər keçirilib.

İran yazıçıları etiraz edir

Aprelin 26-da İranYazıçılar Birliyi ölkədə baş verən son hadisələr və hökumətin vətəndaşlara təzyiqləri barədə olduqca kəskin bəyanat verib. Mediaforumun yaydığı xəbərə əsasən, bəyanatda ölkə rəsmilərinə müraciətlə deyilir: «Xalqın canından nə istəyirsiniz? Bu qədər qırhaqır, həbslər, işgəncələr nə üçündür? Bu qədər senzura və azadlığa qarşı cəhdlər hansı məqsəd güdür?» Yazıçılar hakimiyyəti xalqı sərbəst buraxmağa çağırır: «Həyat, eşq, ümid və azadlıqdan yazan müstəqil yazıçıları boğursunuz, öz hüquqlarından başqa heç nə istəməyən mübariz qadınları həbsə atırsınız, fəhlələri, müəllimləri, tələbələri əzirsiniz, demokrat jurnalistləri dəstə-dəstə həbs etdirirsiniz, hər bir insanın ən ibtidai və təbii haqqı sayılan geyim növünü seçmək hüququnu qadınlardan alırsınız, azadlıq uğrunda həlak olmuş mübarizlərin və ziyaların qəbrinə belə rəhm etmirsiniz. Axı bu qədər təzyiq, sıxıntı, səriştəsizlik və ağılsızlıq nə üçündür?»

İran Yazıçılar Birliyi qarşıdan gələn beynəlxalq 1 May Günü münasibəti ilə İranın və dünyanın bütün fəhlə və zəhmətkeşlərini təbrik edərək deyir: «Biz həbsdə saxlanan fəhlə hərəkatının rəhbərlərindən Mahmud Salihinin, habelə müəllimlərin, tələbələrin, qadınların, milli azlıq nümayəndələrinin və jurnalistlərin dərhal sərbəst buraxılmasını tələb edirik».

İran Yazıçılar Birliyi müstəqil ictimai qurumdur. Məhz buna görə 40 ilə yaxındır fəaliyyət göstərən birlik nə şah dövründə, nə də islam inqilabından sonra rəsmi dövlət qeydiyyatına alınıb. Nüfuzlu qələm adamlarının toplaşdığı, yarı aşkar-yarı gizli fəaliyyət göstərən bu qurumun xüsusilə son 20 ildə bir sıra üzvləri zindanlara salınıb, həbsdə və ya azadlıqda müəmmalı şəkildə dünyasını dəyişib.

XS
SM
MD
LG