Martın 20-də Nyu Yorkda yaşayan Yəhudi icmasının təşkilatçılığı, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin və Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət komitəsinin dəstəyi ilə Yamaha konsert zalında dahi Azərbaycan bəstəkarı Qara Qarayevin xatirəsinə həsr olunmuş gecə keçirildi.
Dünyasını 25 il bundan öncə dəyişmiş dahi bəstəkar Qara Qarayevin musiqisi bu gün də təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da xatırlanır.
Nyu Yorkda keçirilən xatirə gecəsinə də təkcə bu şəhərdə yaşayan azərbaycanlılar və keçmiş bakılılar deyil, Qarayev musiqisi barədə xəbəri olan beynəlmiləl musiqisevərlər auditoriyası toplaşmişdı. Azərbaycandan Qarayev musiqisini Nyu Yorkda təqdim etmək üçün gələn nümayəndə heyətinə mədəniyyət və türizm nazirinin müavini Ədalət Vəliyev başçılıq edir.
Qarayev musiqisini müxtəlif cür interpretasiya edənlər var. İldırımlı yollarla baletindən süitanı da Bakı musqi akademiyasının məzunu, Nyu yorklu Ruslan Ağaməmmədov caz üslubunda interpretasiya edib.
Proqramda Fərhad Bədəlbəyli və skripkaçı Toğrul Qəniyevin, pianoçular , hazırda Nyu Yorkda yaşayan Validə Rəsulova və Tamilla Məmmədovanın ifasında Qara Qarayevin 4 hərəkətli prelüdü, Don Kixot simfonik qravürlərindən, Yeddi gözəl baletindən parçalar və digər sevimli əsərləri səsləndi.
Bakıda yaşayıb yaratmış bir çox bəstəkar kimi, Qara Qarayev də bu şəhəri tərənnüm etmişdi. Azər Zeynalov və Gülnaz İsmayılova onun Bakı haqqında mahnısını yeni, müasir reallıqlarımıza uygun təqdimatda konsert iştirakçılarına çatdırdılar.
Tam reportajı audio-formatda dinləyin