Accessibility links

"İran Azərbaycanına pəncərə" proqramının həftəlik xəbərlər icmalı


Mustafa Əvəzpura daha 2 il həbs cəzası kəsilib
ETTELAAT məmurları iki Culfa fəalını həbs edib
Abbas Lisanini qaçaqmalçılar saxlanan korpusa köçürüblər
Qalmaqallı İran pulu
Xoy: "Əvrin" dərnəyinin rəhbərləri azadlığa buraxıldı
ASMEK bəluc fəalların işgəncə altında olduğu bildirilir
Urmiyə: Azad olunan fəallar təhdid altındadır

Mustafa Əvəzpura daha 2 il həbs cəzası kəsilib

Bu həftə Təbriz şəhərində yaşayan fəal Mustafa Əvəzpura daha bir hökm kəsilib. Bu barədə Amerikanın səsi radiosuna Mustafa Əvəzpurun atası Sadıq Əvəzpur məlumat verib. Bundan öncə kəsilən 5 aylıq həbs cəzasına əlavə olaraq pantürkizmdə və rejim əleyhinə təbliğatda günahlandırılan Mustafa Əvəzpura daha 2 illik həbs cəzası kəsilib. Mustafa Əvəzpur və onun iki qardaşı 2006-cı ildə bir neçə dəfə, aprel ayında, May hadisələrindən sonra, eləcə də Mehr ayının 1-də (23 sentyabr) dərs ilinin başlanması ilə əlaqədar etiraz vərəqələri yayma ittihamları ilə həbs olunublar.

ETTELAAT məmurları iki Culfa fəalını həbs edib

İranda azərbaycanlı hüquq müdafiəçilərindən aldığımız məlumata görə, Culfa şəhərində iki azəbaycanlı fəal Adil və İbrahim Şükri qardaşları həbs ediliblər. Həbsin Ettelaat Məmurları tərəfindən həyata keçirildiyi bildirilir.

Adil və İbrahim Şükrinin ailə üzvləri onların həbsi zamanı döyülərək yaralandıqlarını bildiriblər. Şükri ailəsi oğullarının harada saxlandığından xəbərsizdir. Onların sorğularına heç bir cavab verilmir.

Abbas Lisanini qaçaqmalçılar saxlanan korpusa köçürüblər

Ərdəbil həbsxanasında saxlanılan milli fəallar Abbas Lisaninin xanımı Ruqəyya Əlizadənin verdiyi məlumata görə, cənab Lisani və digər fəal Behruz Əlizadə həbsxananın 7-ci korpusuna köçürülüblər. Martın 15-də A.Lisani evə zəng edərək deyib ki, onu həbsxananın silah və narkotik qaçaqmalçıları saxlanan 7-ci korpusuna köçürmək istəyirlər, lakin o buna müqavimət göstərəcək. A.Lisani evə ikinci dəfə zəng etdikdə isə artıq həbsxananın 7-ci bəndinə köçürüldüyünü bildirib.

Qalmaqallı İran pulu

İranda dövriyyəyə buraxılmış yeni 5 min Tümənlik əskinasların qalmaqala səbəıb olduğu bildirilir. İranda ən böyük pul vahidi olan bu əskinasın üzərində fars körfəzinin üzərində nüvə simvolu təsvir edilib. Qalmaqala səbəb olan isə əskinasın üzərində guya Məhəmməd peyğəmbərə aid olduğu iddia edilən bir hədisdir: Pulun üzərində elə belə də yazılıb: "Əgər elm və bilik Sürəyyada (göyün ən üst qatlarında) olsa da fars kişilərinin ona əli çatacaqdır".

Teoloqlar Məhəmməd peyğəmbərin belə bir hədisi söyləməsindən bixəbər olduqlarını bildirir. Təbrizdən aldığımız məlumata görə isə, bu şəhərin bazarında bir sıra dükançılar yeni əskinası qəbul etməkdən boyun qaçırırlar.

Xoy: "Əvrin" dərnəyinin rəhbərləri azadlığa buraxıldı

Martın 15-də Azərbaycan milli fəalları İbrahim Cəfərzadə və Şirzad Hacilu girov əvəzində Xoy həbsxanasından sərbəst buraxılıblar. «Evrin» dərnəyinin keçmiş sədri İbrahim Cəfərzadə fevralın 21-də Beynəlxalq Ana Dili Günündə həbs olunmuşdu. Maraqlıdır ki, elə həmin gün onun Abbas Lisani ilə bərabər daha bir məhkəmə prosesi keçirilməli idi. Evrin dərnəyinin hazırkı rəhbəri Şirzad Hacilunu isə martın 7-də ETTELAAT əməkdaşları həbs etmişdilər.

ASMEK bəluc fəalların işgəncə altında olduğu bildirilir

İsveçdə fəaliyyət göstərən Radio Bəlucinin yaydığı xəbərə əsasən yeddi bəluc fəal Huşəng Şəhnəvazi, Məsud Nüsrətzehi, Cavad Narui, Əlireza Bərahui, Səid Qəmbərzehi, Yəhya Söhrabzehi, Əbdülbeyk Kəhrazehi Bəlucistanda fəaliyyət göstərən Müqaviməte Mərdume İran - İran xalq müqavimət hərəkatının üzvləri ilə əlaqələrinin olduqlarına görə həbs olunublar. Həbslərindən bir neçə gün sonra İranın rəsmi televiziyası sözügedən məhbusların hərbi Cundullah qruplaşmasının üzvü olduğunu etiraf etdikləri barədə xəbər yayılıb.

Hələlik bu məhbuslara hökm kəsilməsə də, hüquq müdafiəçiləri bu ittihamlarla həbs olunan bəluc fəalların edama məhkum edildiyini bildirir. Bəlucların yaşadığı bölgələrdə iqtisadi vəziyyətin olduqca ağır olduğu və burada narkotik qaçaqmalçılığın əhalinin əsas gəlir mənbəyi olduğu bildirilir.

Azərbaycanlı siyasi məhbusları müdafiə komitəsinin (ASMEK) sözçüsü Əlirza Quluncu həbsdə olan bəluc fəalların o cümlədən bu yeddi məhbusun işgəncəyə məruz qaldığına dair xəbərləruin olduğunu bildirir. Əlirza Quluncunun sözlərinə görə, əsasən hənəıfi məzhəbinə aid olan bəluclar həm dini həm milli zəmində təzyiqlərə məruz qalır.
Əlirza Quluncunun sözlərinə görə, bir sıra azərbaycanlı hüquq müdafiə təşkilatları bəluclara qarşı təqiblər və qeyri qanuni həbslər barədə məlumatların öptürülməsi istiqamətində bəluc fəallarla əməkdaşlıq edirlər.

Urmiyə: Azad olunan fəallar təhdid altındadır

ASMEK sözçüsü Əlirza Quluncu Amerikanın səsinə Urmiyədə siyasi məhbuslara dair vəziyyətlə bağlı son məlumatları da çatdırdı. Onun sözlərinə görə, 21 Fevral Beynəlxalq ana dili günü nümayişləri ilə bağlı həbs olunan fəalların böyük bir qismi 20 milyondan 50 milyona qədər girovlar müqabilində azadlığa buraxılıb.Həbs olunanlardan üçünün Əlirza Qomi, Əhməd Qüreyşi və Əbülfəz Əlilunun daha ciddi işgəncələrə məruz qaldığını bildirən Əlirza Quluncu Urmu yolu nəşriyyatının müdiri Atabəy Teymurinin hələ də məhbəsdə saxlandığını qeyd edib. ASMEK sözçüsü azadlığa çıxan fəalların mətbuatla təmasda olmamaları üçün onlara təhdid edildiyini bildirib.

Daha geniş məlumat üçün həftəlik xəbərlər icmalını audio-formatda dinləyin.

XS
SM
MD
LG