Rusiya prezidenti Vladimir Putin deyib ki, ölkənin növbəti prezidentinin kimliyi demoktratik seçkilər nəticəsində müəyyənləşəcək. Cənab Putin öz xələfinin adını çəkməyəcəyini və rəsmi seçki kampaniyası başlayana qədər heç bir namizədə dəstək verməyəcəyini deyib.
Kremldə bu gün keçirdiyi illik mətbuat konfransında cənab Putin bildirib ki, hakimiyyətin hər üç qolu 2008-ci ilin Martında keçiriləcək prezident seçkilərindən sonra da bərabər işləməlidir.
Xarici siyasət barədə danışan cənab Putin deyib ki, onun ölkəsi Birləşmiş Ştatların başqa ölkələrdə yeni nəsil raket sistemləri yerləşdirməsinə qarşı çıxacaq. O bu bəyanatı Birləşmiş Ştatların İran, Şimali Koreya və terrorçu qrupların raket hücumundan qorunnmaq üçün Şərqi Avropada raket hücumu əleyhinə sistemlər quraşdırmaq təklifinə istinadən verib. Putin həmçinin Rusiyanın güclü iqtisadiyyata malik olduğunu qeyd edib və bildirib ki, son illərdə ilk dəfə Rusiyada illik inflyasiya həddi 10 faizdən aşağı olub.