İraq rəsmilərinin bildirdiklərinə görə Bağdadın 100 kilometr cənubunda yerləşən Hilla şəhərində bir bazarda iki bomba partlayışı nəticəsində azı 45 adam həlak olub 150 adam da yaralanıb.
Bağdadın Karrada hissəsində bir mikroavtobusta bomba partlayışı altı adamın ölümünə səbəb olub. Paytaxtın mərkəzi hissəsində maşında yerləşdirilmiş bombanın partlaması nəticəsində isə azı üç adam həlak olub. Bağdadın əsas olaraq sünnülərin yaşadığı Adhamiya hissəsinə raket hücumları nəticəsində iki adam həyatını itirib, doqquz adam isə yaralanıb.
İraqın daxili işlər nazirliyi isə açıqlamasında bildirib ki, keçən ay İraqda təriqətlərarası zorakılıqlar və üsyançıların hücumları nəticəsində iki minə yaxın adam həlak olub.