Accessibility links

Abbas Lisani Ərdəbil məhbəsindən məktub yazıb


Xəbər verdiyimiz kimi, yanvarın 1-dən İran Azərbaycanlılarının hüquqları uğrunda mübarizə hərəkatının tanınmış simalarından biri Abbas Lisani Ərdəbil zindanında aclıq aksiyasına başlayıb.Kanadalı insan hüquqları müdafiəçisi Faxtə Zamani bildirib ki, aclıq aksiyasının keçirilməsinə səbəb cənab Lisaninin məhbus hüquqlarının pozulması və ailəsinə təzyiqlərdir.

Cənab Lisaninin həyat yoldaşı Ruqəyya xanım məlumatı təsdiqləyib.

Faxtə Zamani Abbas Lisaninin aclığa başlayandan sonra təkadamlıq kameraya keçirildiyini və ona venadaxili maye qidanın qəbul etdirilməsi səylərinin olduğunu bildirib. Bu günlərdə isə Abbas Lisaninin aclıq aksiyasına başlamasının səbəblərini əks etdirən məktubu yayılıb.

Ərdəbil vilayətinin əslən azərbaycanlı olan baş prokuroruna ünvanlanmış məktub belə başlayır: "Makedoniyalı İskəndər Şərqi istila etdikdən sonra bu ölkələrin hamısını necə idarə edəcəyi barədə düşünür və adillərdən məsləhət istəyir. Onlar İskəndərə arxasını xalqına çevirməyə hazır olan adamlardan istifadə etməyi məsləhət görürlər." Cənab Lisani qeyd edir ki, May hadisələrindən sonra azərbaycanlılar yaşayan şəhərlərdə də bir sıra dövlət məmurları yerli adlandırılanlarla əvəz olundu. Onlardan biri də Ərdəbil baş prokuroru idi.

Abbas Lisani özünün məhbus olaraq evini ziyarət etmək hüququnun pozulması ilə bağlı məlumatdan sonra bundan təəccüblənmədiyini qeyd edir. “Belə ki, buradakı ədliyyə sisteminin fəaliyyəti elə insanların hüququnu danmaqdan ibarətdir. Bu sistem 3000-dən artıq cəsur Savalan övladını sadəcə öz əsas hüquqularını tələb etdiklərinə görə işgəncəyə və təzyiqlərə məruz qoyub. İndi həmin gənclər bizim millətin "ədalət keşikçiləri"nin əlindən əziyyət çəkir.”

Abbas Lisani muzdla xəbərçilik, casusluq, işgəncə edən şəxslər haqda yazır: "Bu onlardır ki, məhv olmuş kimliklərinə təsəlli vermək üçün özlərinin qeyri-məhdud hakimiyyətini Savalanın cəsur gənclərinə tətbiq edirlər".

Baş prokuroru milli ayri-seçkilik siyasətinin tətbiqində iştirak etməsinə görə qınayan Abbas Lisani həmin şəxslərin öz haqlarından başqa bir şey tələb etməyən, iqtisadi diskriminasiyaya məruz qaldıqlarına görə gündən günə yoxsullaşan əhaliyə zülm etdiyini yazır.

O, baş prokurora sualla müraciət edir: "Cənab prokuror, məgər siz ölkədəki sosial korrupsiyanın və məhbusların sayının artmasının səbəbinin nə olduğunu bilmirsiniz? Mən sizə bir söhbətimizi xatırlatmaq istəyirəm. Mən sizdən soruşmuşdum. “Yoxsulların hökuməti", "zəiflərin iqtidarı", "kasıbın bir tükünü zəngin sarayların bütün əhlinə dəyişmərəm” kimi gözəl şüarlar harda qaldı? İslam inqilabının vədləri necə oldu? Niyə ədalət tələb edənlər sizin İslamçı təqiblərinizə məruz qalır? İslam məgər Azərbaycan xalqının hüquqlarına ziddir? Onda siz də məndən İslam dövlətinə münasibətimi sormuşdunuz. Mən də cavab verdim: Mən təkcə İslam dövlətini yox, ədalətə ziddirsə, İslamın özünü rədd edərəm. Din istismar, quldarlıq, insane hüquqlarının pozulması üçün vasitə ola bilməz.”

Daha sonra Abbas Lisani qeyd edir: "İran rejiminin fundamentalist islamının vurduğu ziyan ölçüyəgəlməzdir". O bildirir ki, saxta İslam Məhəmməd peyğəmbərin müqəddəs dininə zərbə vurub. “70 il ərzində sovet rejimi insanların dinini əlindən ala bilmədi. Siz isə gözünüzü yaxşı açsanız görərsiniz ki, bu ölkədə gənclər nəinki dindən üz döndəriblər, hətta onun qatı düşmənlərinə çevrriliblər. Bu,dindən öz mənafeləri üçün istifadə edən ruhanilərin məhsuludur.”

Məktubun sonunda Abbas Lisani qeyd edir ki, həbsdə olmasına baxmayaraq, o, millətinin hüquqlarını qorumaqda davam edəcək. Məhbus hüquqlarının pozulmasına etiraz olaraq aclıq aksiyasına başladığını elan edən Abbas Lisani hətta sudan belə imtina edə biləcəyini bildirib. “Mən ölümə qədər getməyə və dünyanı hükimiyyət hərisi olan qorxaqlara buraxmağa hazıram. Çünki mən milli kimliyinə sahib duran və siyasi kamilliyə doğru gedən Azərbaycan türk millətinin yaşayacağına və çiçəklənəcəyinə inanıram” deyə Abbas Lisani qeyd edir.

Abbas Lisani Farsca yazdığı məktubun sonunda azərbaycanca aşağıdakı sözləri əlavə edib:

"Son sözüm kökümüzü kəsməkdə olan baltaların sapına:

Bu çağda kimliyin bir ucuz bahaya satan,

İnan sabah bir ağır gündə səslər: Ay din alan?!

Ərdəbil zindanı – Abbas Lisani"

XS
SM
MD
LG