Accessibility links

Abbas Lisaninin həbsi ilə bağlı Amerikanın səsinin redaktor məqaləsi


Bu məqalə Birləşmiş Ştatlar hökumətinin mövqeyini əks etdirir

İran hökuməti Abbas Lisanini “hökumətə qarşı təbliğat yaymaq” ittihamı ilə il yarım həbs və 50 şallaq cəzasına məhkum edib. Əslində ittihamlar onun İranın azərbaycanlı azlığı naminə dinc fəaliyyətilə bağlıdır.

İran Azərbaycanlılarının Ərdəbildə təşkil etdikləri nümayişdə iştirak etdiyinə görə iyun ayında həbs olunan cənab Lisani sentyabrın 26-da vəsiqə zəmanəti ilə azadlığa buraxılmış, oktyabrın 31-də isə yenidən həbs olunmuşdu. İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan Beynəlxalq Amnistiya təşklatı internetdə dərc olunan bəyanatında cənab Lisanini “vicdan məhbusu” adlandıraraq, onu dərhal və şərtsiz olaraq həbsdən azad etməyə çağırıb. Cənab Lisaninin həyat yoldaşı Rugəyya Amerikanın səsinə ərinin qeyri qanuni olaraq həbs edildiyini deyib:

“O, millətinin hüquqlarını istədiyinə görə həbs edilib. Öz dilində məktəb, qəzet istəyib. On milyonlarla azərbaycanlının hüququna hörmət qoyulmasını istəyir. Qeyri-qanuni bir şey istəmir. Mənim də həbsimə fərman veriblər. Əgər məni də həbs eləsələr, demişəm, uşaqlarım danışacaqlar, başımıza gələnləri dünyaya çatdıracaqlar!”

May ayında İran dövlətinin gündəlik rəsmi orqanı olan qəzetdə azərbaycanlıları təhqir edən karikaturaların dərcindən sonra İranın şimal qərbində etiraz nümayişlər dalğası baş verdi. İnsan hüquqlarının müdafiəçilərinin bildirdiyinə görə, İran hökuməti nümayişləri dağıtmaq üçün aşırı gücdən istifadə etmişdi. Xəbərlərə əsasən yüzlərlə, ola bilsin ki, minlərlə nümayişçi həbs edilmişdi. O vaxtdan onların əksəriyyəti azad edilib, lakin Abbas Lisani kimi bəziləri mühakimə edilərək, ya həbs ya da şallaq cəzasına məhkum edilmişdilər.

Birləşmiş Ştatlar Dövlət Departamentinin İranda insan hüquqları vəziyyəti barədəki hesabatında qeyd edilib ki, İran azərbaycanlıları məktəblərdə ana dilində təhsilin qadağan edilməsi, Azerbaycanlı fəalların və təşkilatların təqiblərə məruz qalması və Azərbaycan coğrafi adlarının dəyişdirilməsi daxil edilməklə etnik və dil baxımından ayrı-seçkiliyə məruz qalırlar.

Birləşmiş Ştatlar Dövlət Departamentinin sözçüsü Julie Resayd yazılı bəyanatında Birləşmiş Ştatların İran hökumətinin azərbaycanlılara qarşı təzyiqlərini qınadığını bildirib. Xanım Resaydın bildirdiyinə görə, Birləşmiş Ştatlar Terhran hökumətini bütün İran xalqlarının hüquqlarına hörmət etməyə, ifadə və toplaşma azadlığını tələb edənlərin azadlığa buraxılmasına çağırır.

Bu, Birləşmiş Ştatlar hökumətinin mövqeyini əks etdirən baş məqalə idi

XS
SM
MD
LG