İranın xarici işlər nazirliyi bildirib ki, Tehran gələn Marta qədər daha üç min sentrifuqa quraşdıraraq özünün uranın zənginləşdirilməsi proqramını genişləndirmək planını davam etdirəcək.
Nazirliyin sözçüsü Məhəmməd Əli Hüseyni deyib ki, qurğular BMT-nin Atom Enerjisinə Nəzarət Agentliyinin müfəttişlərinin nəzarəti altında quraşdırılacaq. İran BMT Təhlükəsizlik Şurasının uranın zənginləşdirilməsi proqramını dayandırmaq tələbinə məhəl qoymur.
Sentrifuqalar elektrik enerjisinin emalı üçün gərəkli olan zənginləşdirilmiş uranın istehsalında istifadə olunur. Daha yüksək dərəcəli yanacaq isə nüvə bombaları üçün istifadə oluna bilər.
İran hal-hazırda 164 sentrifuqadan ibarət iki zənciri işə saldığını deyir. Əlavə 3 min sentrifuqa İrana uranı sənaye miqyasında zənginləşdirmək imkanı verəcək.
Hazırda işləyən sentrifuqalarla nüvə başlığı üçün kifayət edəcək xammalın istehsalı uzun zaman çəkə bilər.