ABŞ prezidenti Corc Buşla Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Ağ Evdə bir saat yarımlıq görüş keçiriblər. Görüşdən sonra müxbirlərə açıqlama verən iki lider deyib ki, onlar terror və ekstremizmə qarşı mübarizəni davam etdirəcəklər.
Bu günkü görüşdən Türkiyənin əsas gözləntisi PKK-nın İraqdakı fəaliyyətinə və Türkiyədə həyata keçirdiyi hücumlara qarşı ABŞ-ın himayəsini əldə etməkdi. Prezident Buş qısa açıqlamasında Ərdoğanı “sülh” adamı adlandırıb.
Baş nazir Ərdoğan isə prezident Buşla Yaxın Şərqdəki vəziyyəti və Türkiyənin regiondakı rolunu müzakirə etdiklərini deyib. O PKK-nın Şimalı İraqdakı fəaliyyəti məsələsini də geniş müzakirə etdiklərini bildirib.
Türkiyənin baş naziri ABŞ-ın Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsindəki dəstəyinin davam etməsinin də görüşdə müzakirə olunduğunu qeyd edib. Gündəlikdəki başqa bir məsələ isə Kipr məsələsi idi və baş nazir Ərdoğanın sözlərinə görə, prezident Buşun bu məsələdə həssas hərəkət etməsi onu sevindirir.
Bu arada Türkiyə mətbuatının İnternet saytlarının verdiyi xəbərlərə görə, müxbirlərlə görüşdə Prezident Buşun PKK və onun Iraqda fəaliyyəti, eləcə də ABŞ-ın bu məsələdə Türkiyəyə dəstəyi haqqında şərh verməməsi baş nazir Ərdoğan üçün gözlənilməz olub.