İraq rəsmilərinin verdiyi xəbərə görə, Bağdadda ayrı-ayrılıqda üç bomba partlayışı nəticəsində azı 3 nəfər ölüb, 24 nəfər yaralanıb. Ölənlər arasında 2 polisin olduğu bildirilir.
Bu gün İraqın daxili işlər naziri şəhər ətrafında xəndəklər qazaraq, yaraqlı qrupların və bomba qoyulmuş maşınların Bağdada daxil olmasının qarşısını almaq planlarını açıqlayıb. 6 milyon əhalisi olan şəhərə giriş əsas yollarda təşkil olunacaq 28 qeydiyyat məntəqəsindən keçməklə mümkün olacaq.
İraq rəsmiləri cümə günü Bağdadda və onun ətrafında 35 cəsədin tapıldığını bildirib. Təxminlərə görə, bu, təqriqət münaqişəsinin qurbanı olmuş bağdadlıların cəsədləridir. Bununla da Bağdadda çərşənbə günündən bəri ölənlərin sayı 150-yə çatıb.