Accessibility links

Mxalifətin boykot etdiyi bələdiyyə seçkilərində hələ pozuntu qeydə alınmayıb


Oktyabrın 6-da Azərbaycanda 603 bələdiyyəyə təkrar, əlavə, yeni və ilk dəfə seçkilər keçiriləcək. Bunlardan 23-ü ilk dəfə keçirilən seçkilərdir.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin sözlərinə görə, 1931 bələdiyyə üzvü postu üçün 4587 nəfər mübarizə aparır.

2000 yerli müşahidəçinin artıq qeydiyyata alındığını deyən Azər Sarıyev beynəlxalq nəzarətin Avropa Şurası yerli və regional hakimiyyətlər konqresi, İFES, Beynəlxalq Respublikaçılar İttifaqı, eləcə də azərbaycanda akkreditə olunmuş səfirliklər vasitəsilə həyata keçirildiyini bildirdi.

Azər Sarıyevin sözlərinə görə, seçki kampaniyasının gedişi ilə bağlı heç bir qanun pozuntusu qeydiyyata alınmayıb. Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Mustafayev bunu təbii sayır. Çünki, onun sözlərinə görə, əhalinin seçkilərə marağı yoxdur və seçkilər əvvəlcədən planlaşdırılmış ssenari üzrə həyata keçirilir.

Qeyd edək ki, Xalq Cəbhəsi partiyasının da daxil olduğu Azadlıq bloku bu seçkiləri boykot edir. Fuad Mustafayev Azərbaycan xalqının seçkilərin boykotu məsələsində AXCP ilə həmrəy olduğunu iddia edir.

Azər Sarıyev isə mübarizəyə qatılanlar arasında 20 siyasi partiyanın üzvü olduğunu deyib. Azadlıq Blokuna daxil olan Demoktrat Partiyası artıq seçkilərə ADP üzvü olaraq qatılan şəxsləri partiyadan xaric edib.

Xalq Cəbhəsi Partiyasının üzvü kimi qeydiyyata alınan 23 nəfərin həqiqi partiya mənsubiyəti isə mübahisə predmetidir. Belə ki, AXCP heç bir partiya üzvünün namizədliyini vermədiyini bildirərək, Mərkəzi Seçki Komissiyasından cəbhəçi olduqlarını iddia edən namizədlərin siyahısını tələb edib.

Azər Sarıyevin sözlərinə görə, 23 nəfərdən beşi artıq namizədliyini geri götürüb. Digər 18-nin partiya mənsubiyyəti isə MSK-nın özü tərəfindən araşdırılır. Əgər onların cəbhəçi olduğu təsdiqlənməzsə, onlar seçki bülletenində bitərəf kimi göstəriləcək.

XS
SM
MD
LG