Avropa Birliyinin Xarici İşlər Nazirləri öz ölkələrinin Livana 6500-dən 7000-ə qədər beynəlxalq sülhməramlı qüvvə göndərəcəyini bildiriblər.
BMT-nin Baş Katibi Kofi Annan deyib ki, İsrail ilə Hizbullah arasındakı atəşkəsi qorumaq üçün 15 min beynəlxalq sülhməramlı əsgərin Livana göndərilməsi lazımdır. Kofi Annan bu bəyanatı Brüsseldə, Avropa Birliyinin Xarici İşlər Nazirlərilə görüşündən öncə verib.
Fransa prezidenti Jak Şirak isə deyib ki, sülhməramlı qüvvələrin sayının 15 min olmasına heç də ehtiyac yoxdur. Sülhməramlı qüvvələrdə xidmət etmək üçün Fransa iki min, İtaliya isə 3 min əsgər göndərəcəyini bildirib. Polşa və İspaniya daxil olmaqla Avropanın bir çox ölkəsi də sülhməramlı qüvvələrdə iştrak edəcəklərini bəyan ediblər.
Cənab Annan Fransadan 2007-ci ilin fevral ayınadək beynəlxalq sülhməramlı qüvvələrə komandanlıq etməyi xahiş edib. Ondan sonra İtaliya bu qüvvələrə başçılıq edəcək.
Prezident Şirak İsrailin hava və dənizdən Livanı blokadaya almasını ədalətsiz adlandırıb. İsrail isə bildirir ki, beynəlxalq sülhməramlı qüvvələr Livan sərhədlərində keşik çəkməyə başlayanadək, Livanı dəniz və havadan blokadaya alacaq.
Bu arada Birləşmiş Ştatlar rısmi Dəməşqi İranın Hizbullaha silah və ləvazımat yardımının Suriya ərazisindən tranzitinə imkan verməsinə görə ittiham edib.