BMT-nin vasitəçiliyi ilə bir aydan çox davam edən döyüşlərə son qoyulması məqsədi ilə əldə edilən atəşkəsin qüvvəyə minməsindən bir neçə saat sonra İsrail hərbi qüvvələrinin bir hissəsi Livan ərazisindən çıxarılmağa başlayıb. İsrailin ordu komandirləri yerli vaxtla səhər saat 8-də atəşkəs qüvvəyə mindikdən sonra hücumların dayandırılmasına göstəriş verib. Hərbi qüvvələrin sözçüsü bu göstərişdən bir qədər sonra İsrailin bəzi hərbi qüvvələrinin bir hissəsinin Livan ərazisini tərk etməsinə baxmayaraq, BMT-nin yeni sülhməramlı qüvvələrinin oraya yerləşdiliməsinədək qüvvələrin bir hissəsinin Livanda saxlanılacağını bildirib. Qeyd edək ki, atəşkəsin qüvvəyə minməsindən bir az əvvəl İsrailin hərbi təyyarələri Livanın müxtəlif bölgələrini hədəf almışdı.
BMT-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Alvaro De Soto atəşkəsə 15 min nəfərdən ibarət sülhməramlı qüvvə tərəfindən nəzarət ediləcəyini bildirib. Hezbullah yaraqlıları atəşkəsi qəbul etsələr də, İsrail qüvvələri Livanda nə qədər qalacaqlarsa döyüşləri davam etdirəcəklərini deyiblər. İsrail rəsmiləri isə BMT-nin atəşkəsinə əsasən Hizbullahın hücumlarına cavab veriləcəyini bildiriblər.