Accessibility links

Iranda azərbaycanlıların həbsləri davam edir


İranda azərbaycanlılara qarşı repressiyalar beynəlxalq ictimaiyyətin etirazına səbəb olduğu bir vaxt İran təhlükəsizlik qüvvələri azərbaycanlı fəalları təqib etməkdə israrlıdır.

Təbrizdən aldığımız məlumatlara görə, İran Azərbaycanında siyasi həbslər davam etməkdədir. May ayının sonunda yer alan geniş mitinqlərdən 40 gün keçməsinə baxmayaraq, həmin etiraz aksiyalarının iştirakçıları araşdırılır, istintaq olunur və həbsə atılır. Bəzi fəalların sadəcə yoxa çıxdığı da xəbər verilir.

Təbriz şəhərində keçirilən son polis reydlərindən birində Məsud Sabir, Ərəş Canbaxşı, Əli Bədəli, Həsən Balazadə, Rəhim Tərəqqi və başqalarının həbs olunduğu bildirilir. Təbrizdə yerləşən Azərbaycan Müdafiə Komitəsinin sədri Səid Nəimi son həbslər barədə danışır. (audio)

Şahidlərin sözlərinə görə, “Qartal” dərgisinin redaktoru Nadir Vəlipurun həbsi xüsusi qəddarlıqla müşayiət olunub. Ərdəbil yaxınlığındakı rəsmən Parsabad, azərbaycanlıların isə Muğan adlandırdığı şəhərdə onun atasıgilin evinə reyd edən 10 milli təhlükəsizlik xidməti əməkdaşı həbsi həyata keçirərkən Nadir Vəlipuru ailəsinin gözü qarşısında vəhşicəsinə döyüblər. Onun kompüteri də daxil olmaqla bütün varidatı müsadirə olunub. Ailəsinə isə insan hüquqları təşkilatlarına müraciət edəcəkləri təqdirdə daha böyük təzyiqlə üzləşəcəkləri barədə hədələr edilib.

Səid Nəimi deyir ki, həbs olunanların azadlığa buraxılması istiqamətində səylər davam edir. Onun sözlərinə görə, əsas dəstək Azərbaycan Respublikasındakı qeyri-hökumət təşkilatlarından və siyasilərdəndir. (audio)

İran parlamentində səslərinin çox az eşidildiyini deyən Səid Nəimi həbs olunanların azadlığa çıxması istiqamətində yalnız Təbrizdən olan millət vəkili Əkbər Ələminin fəaliyyət göstərdiyini deyib. (audio)

İyulun 5-də Dünya Azərbaycanlılarının haqlarını Müdafiə Komitəsi Amnesty İnternational / Beynəlxalq Amnistiya və BMT İnsan Haqları Ali Komissarlığına müraciət ünvanlayaraq İranda azərbaycanlıların həbslərinin davam etməsi barədə məlumat verib.

Müraciətdə həbs olunanlar arasında ahıl yaşlı adamların olduğu da deyilir. Belə ki, 61 yaşlı Seyid Mehdi Seyidzadə iyun ayının 27-də yaxalanmış və naməlum yerə aparılmışdır. Müraciətdə Seyid Mehdizadənin islahatçı meylli siyasətçi olduğu və azərbaycanlılara qarşı son repressiyalarla bağlı etiraz etdiyinə görə həbsə alındığı bildirilir.

Daha sonra Azərbaycanın tanınmış yazıçı və jurnalisti Həsən Rəşidinin Tehrandakı iş yerindən iyulun 1-də yaxalandığı və indi Tehranın Evin Zindanının 209-cu kamerasında saxlanıldığı deyilir. Müraciətdə Rəşidinin yazı və məqalələrini oxuyanların da həbs olunduğu bildirilir.

Onlarla bu kimi həbslər barədə məlumat verən sənəd müəllifləri Urmu zindanında olan Cavad Abbasinin, Ərdəbil, Təbriz, Tehran zindanlarında olan Abbas Lisaninin, Həsən Azərbaycaninin, Qulam Rza Əmaninin , Həsən Ərkin və Çingiz Bəxtavərin durumlarının ağır olduğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır və onlardan İrandakı Azərbaycanlılara dəstək olmalarını xahiş edir.

XS
SM
MD
LG