BMT-nin Dünya Əhalisi Üzrə Hesabatı dünya liderlərini qadınlara qarşı ayrı-seçkilyi aradan qaldırmağa, qadınların sağlamlığı və təhsilinin artırılmasına dair öhdəliklərə əməl etməyə çağırılıb. BMT-nin bu gün açıqlanan Dünya Əhalisi barədə illik hesabatında qadınlara yardım sahələrinə sərmayələr qoyulmasa, dünyada yoxsulluğun qarşısını almaq mümküm olmayacağı barədə xəbərdarlıq verilir. Bankok, London və Nyu Yorkda açıqlanan bu hesabatda deyilir ki, qadınlara qarşı ayrı-seçkilik inkişaf proqramlarını şübhə altına alır və qadınların effektivliyinə mane olur. Hesabat dünya liderlərini 2000-ci il Milenium Sammitində qəbul edilmiş qadın və gənclərə kömək üçün sərmayə qoyuluşu vədlərini dəstəkləməyə çağırır. Sənəddə deyilir ki, qadın və uşaqların vəziyyətini yaxşılaşdırmaq üçün onların sağlamlığı və təhsilinə üstünlük vermək lazımdır. BMT-nin əhali üzrə fondunun icraçı direktoru Toraya Əhməd Obeyd gender bərabərliyinin BMT-nin Milenium inkişaf proqramının əsəs hədəfi olduğunu deyir. Hesabat yoxsul və zəngin ölkələr arasındakı fərqi də diqqətə çatdırmağa çalışıb. İnkişaf etmiş ölkələrdə körpələr arasında ölüm hər min uşaqdan 8-də müşahidə edilirsə, yoxsul ölkələrdə bu, hər min uşaqdan 94-ü deməkdir. İnkişaf etmiş ölkələrdə orta ömür uzunluğu 80 yaşdırsa, yoxsul ölkələrdə bu 50-dən də aşağıdır. Hesabatda deyilir ki, hamiləlik və doğum səbəbi ilə dünyada hər il yarım milyondan çox qadın vəfat edir. Zorakılıqlar da həmçinin qadın həyatlarına son qoyan səbəblər arasındadır.