Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda parlament seçkilərini müşahidə edən nümayəndə heyətinin üzvləri– Stefan Şennak (Avstriya), Alfred Heer (İsveçrə), Ravio Tam (Estoniya), Georgios Kartuqkalos (Yunanıstan) yanvarın 23-də müxalifət təmsilçiləri ilə görüşüb.
Görüşdə Müsavat Partiyasının başqanı Arif Hacılı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Haqq-Ədalət Partiyasının təşkilat komitəsinin sədri Əli İnsanov, ReAl Partiyasının sədri İlqar Məmmədov, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli, "Real Cümhuriyyətçilər İttifaqı" seçki blokunun üzvü Elçin Haqverdiyev iştirak edib.
Müsavat Partityasının məlumatına görə, görüşdə seçkiqabağı durum, namizədlərin irəli sürülməsi və qeydə alınması mərhələsində müşahidə olunan qanun pozuntuları və digər məsələlər müzakirə olunub.
Bildirilib ki, AŞPA-nı təmsil edən 35 nəfərlik müşahidə missiyası fevralın 6-da Bakıya gələcək. Müşahidə qrupu Bakıda və bəzi bölgələrdə səsvermənin monitorinqini həyata keçirərək seçkilərə qiymət verəcək.
Fevralın 9-na təyin olunan növbədənkənar parlament seçkilərini ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 350 nəfərlik heyəti də müşahidə edəcək.