Moskvada ABŞ nümayəndəsi ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən danışıqlardan sonra Kremlin sözçüsü Dmitri Peskov cümə günü bildirib ki, Ukrayna ilə Rusiya arasında təklif olunan atəşkəs razılığı ilə bağlı “ehtiyatlı optimizm” üçün səbəblər var.
Telefonla verdiyi brifinqdə jurnalistlərlə danışan Peskov Putinin cümə axşamı verdiyi şərhlərə bənzər fikirlər səsləndirib. Belə ki, Putin ABŞ-ın Rusiyanın Ukrayna ilə müharibəsini 30 gün müddətində dayandırmaqla bağlı atəşkəs razılaşmasına qismən dəstəyini ifadə edib, amma cavablandırılmalı olan bəzi sualların hələ də qaldığını deyib.
Peskov bildirib ki, “hələ də çox iş görülməli olsa da,” Putin “[ABŞ Prezidenti Donald] Trampın mövqeyi ilə həmrəyliyini ifadə edib.” O deyib ki, Putin cümə axşamı gec saatlarda ABŞ-ın xüsusi elçisi Stiv Vitkofla danışıqlar aparıb və həmin görüşdə “Prezident Trampa məlumat və əlavə siqnallar çatdırıb.”
Kremlin sözçüsü deyib ki, hər iki tərəf Putin və Trampın danışmalı olduğu üzərində razılaşır. O əlavə edib ki, söhbətin zamanı Vitkof yeni məlumatı Trampa çatdırandan sonra müəyyənləşdiriləcək.
Ukrayna Prezidenti Volodimir Zelenski cümə axşamı xalqa gündəlik müraciətində deyib ki, Putinin şərhləri “çox manipulyativ”dir və o, Putinin ABŞ-ın planına qismən verdiyi dəstəyin onu rədd etmək üçün zəmin yaratmaq cəhdi olduğunu deyib.
“Əslində o hazırda rədd cavabını hazırlayır, çünki Putin, əlbəttə ki, Prezident Trampa bu müharibəni davam etdirmək, ukraynalıları öldürmək istədiyini deməkdən qorxur,” Zelenski bildirib. O, Ukraynanın ABŞ-ın təklifini qəbul etdiyini və monitorinq və yoxlama təşkil etməyə hazır olduğunu vurğulayıb.
“Biz prosesi çətinləşdirən şərtlər yaratmırıq, bunu Rusiya edir,” Zelenski deyib.
Ağ Evin mətbuat katibi Karolayn Levit cümə günü deyib ki, Trampla Putin arasında hər hansı müzakirələr planlaşdırılmayıb, amma o bunun hər an dəyişə biləcəyini bildirib.
Prezidentin Truth Social media hesabında paylaşdığı şərhlərə istinad edən Levit deyib ki, Tramp ruslara “doğru şeyi etmək” üçün təzyiq göstərir. O, cümə axşamı Moskvada keçirilən görüşləri “Amerika Birləşmiş Ştatları və dünya üçün sülh baxımından produktiv gün” adlandırıb.
Cümə axşamı Ağ Evdə NATO baş katibi Mark Rutte ilə danışıqlardan öncə Tramp deyib ki, Rusiya ABŞ-ın döyüşlərə son qoymaq üçün göstərdiyi səyləri rədd etsə, bu “çox təəssüf doğuracaq.”
Forum