Accessibility links

 
Böyük Yeddilər Rusiyanı atəşkəsi qəbul etməyə çağırır, əks halda əlavə sanksiyalarla üzləşəcəyi barədə xəbərdarlıq edir

Böyük Yeddilər Rusiyanı atəşkəsi qəbul etməyə çağırır, əks halda əlavə sanksiyalarla üzləşəcəyi barədə xəbərdarlıq edir


ABŞ dövlət katibi Marko Rubio. 13 mart, 2025.
ABŞ dövlət katibi Marko Rubio. 13 mart, 2025.

Böyük Yeddilər qrupunun baş diplomatları cümə günü Rusiyanı Ukrayna ilə müharibədə ABŞ-ın təklif etdiyi atəşkəsə razılaşmağa çağırıb.

“Biz Rusiyanı bərabər şərtlərdə atəşkəsə razılaşmaq və onu tam şəkildə yerinə yetirməklə qarşılıq verməyə çağırdıq,” diplomatlar Kanadada keçirilən görüşdən birgə bəyanatda bildiriblər. “Biz belə bir atəşkəs razılaşdırılmadığı təqdirdə Rusiyaya əlavə sanksiyalar, neft qiymətlərinə məhdudiyyətlər, həmçinin Ukraynaya əlavə dəstək və digər vasitələrlə əlavə bədəllər tətbiq etməyi müzakirə etdik.”

Ağ Ev bildirib ki, ABŞ Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkof cümə axşamı Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Kanadanın xarici işlər naziri Melani Coli cümə günü deyib ki, “G7-nin bütün xarici işlər nazirləri ukraynalıların dəstəklədiyi ABŞ-ın atəşkəs təklifi ilə razılaşır” və indi diqqət Rusiyanın cavabına yönəlib.

O əlavə edib ki, “Ukrayna məsələsində top indi Rusiyanın meydançasındadır.”

Britaniya xarici işlər naziri Devid Lammi də deyib ki, “Belə bir birlik var ki, indi heç bir şərt olmadan atəşkəs əldə etmək vaxtıdır. Ukrayna öz mövqeyini açıq bildirib. İndi bunu qəbul etmək Rusiyaya qalıb.”

Lammi həmçinin qeyd edib ki, Ukraynanı atəşkəsi dəstəkləmək üçün lazım olan “təhlükəsizlik memarlığı” və monitorinq mexanizmləri ilə təmin etmək üçün “istəyənlər koalisiyası” yaradılır.

Böyük Yeddilərin ortaq bəyanatı Kreml Ukraynanın atəşkəs razılaşması üzərində hələ çox işin görülməli olduğunu deməsindən və bununla da ABŞ-ın təklifini tamamilə qəbul etməyə istəksiz olduğuna işarə etməsindən sonraya təsadüf edir.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Putin atəşkəsin tətbiqi ilə bağlı bir neçə sual qaldırıb və onlara cavabları gözləyir.

Bu arada isə Ukrayna Prezidenti Volodimir Zelenski Putinin cavabını “bilərəkdən prosesi uzadacaq” və çətinləşdirəcək şərtlər qoşmaq kimi xarakterizə edib.

“Qeyd-şərtsiz 30 günlük müvəqqəti atəşkəs bizi ədalətli və davamlı sülhə əhəmiyyətli dərəcədə yaxınlaşdıra biləcək ilk mühüm addımdır,” Zelenski çərşənbə axşamı X sosial media platformasında yazıb.

Böyük Yeddilər qrupunun Kvebekdə keçirilən danışıqlarında Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Birləşmiş Ştatların nazirləri iştirak edib.

Forum

XS
SM
MD
LG