Təbrizdə siyasi fəal Sima Əlipurun evində İranın təhlükəsizlik qüvvələri tərəfindən axtarış aparıldığı bildirilib.
Bu barədə Güney Azərbaycan Televiziyası (Günaz TV) və Türk qadını saytı kimi mənbələr məlumat yayıblar.
“İranın İnqilab Qvardiyasının (Sepah) Təbrizdəki təhlükəsizlik şöbəsindən 6 məmur Azərbaycan Milli Hərəkatının fəalı xanım Sima Əlipurun evinə basqın edərək axtarış aparıb. Məmurlar Əlipurun mobil telefonunu müsadirə edib və ondan bazar ertəsi gününə qədər şöbəyə müraciət etməsini tələb edib, müraciət etmədiyi təqdirdə isə nəzarət altına alınacağını deyiblər,” Türk qadını saytı bildirib.
Sepahın kəşfiyyat şöbəsinin məmurları təqribən bir ay əvvəl Sima Əlipura telefon edərək onu şöbəyə çağırmışdılar. Ancaq, Əlipur çağırışla bağlı sosial mediada məlumat paylaşaraq şöbəyə müraciət etməyəcəyini vurğulamışdı.
“Mənə zəng edib və Sepahın kəşfiyyat şöbəsinə çağırıblar. Ancaq telefon vasitəsilə ilə çağırışın qanunsuz olduğu üçün getməkdən imtina etdim,” deyə milli fəal həmin günlərdə öz Instagram səhifəsində paylaşmışdı.
Sima Əlipur daha əvvəl də göstərdiyi mədəni və siyasi fəaliyyətlərindən dolayı İranın təhlükəsizlik və məhkəmə orqanlarının təzyiq və təqiblərinə məruz qalıb.
Forum