Həbsdə olan qadın jurnalistlər üçün poster qaldıran və ardınca 1 aylıq inzibati həbs olunan feminist fəal Rauf Heydərov saxlanıldığı təcridxanada zorakılığa məruz qaldığını deyir. Bu barədə vəkili Rövşanə Rəhimli Amerikanın Səsinə bildirib.
Vəkil deyib ki, fəal martın 10-u xəstəxanadan çıxdıqdan sonra polislər tərəfindən saxlanılıb və müdafiə hüququ əlindən alınıb. “Xəstəxanada iynə vurdurmuşdum deyə çox halsız idim. Çıxışda polislər məni sürüyərək zorla bir avtomobilə əyləşdirdilər və polis idarəsinə gətirdilər. Orada saxlanıldığım müddətdə döyüldüm, davamlı olaraq təhqirlərə məruz qaldım. Məni bir masaya əyləşdirib qabağıma vəkildən imtina etdiyimə dair ərizə qoydular və dedilər ki, bu kağızı imzalamalısan. Mən imzalamaqdan imtina etdiyimi bildirdikdən sonra isə iki dəfə başımı masaya çırpdılar”, - deyə Heydərov vəkilinə çatdırıb.
Fəal həm də qeyd edib ki, məhkəmə önünə çıxarılanadək ona su və yemək verilməyib və proses ərzində özünü halsız hiss edib.
Martın 13-ü Heydərovun şikayəti əsasında Bakı Apelyasiya Məhkəməsində proses baş tutub. Rəhimli tıxac səbəbindən iclasa gecikib. O, zəng edərək məhkəmədən gözləməyi xahiş etsə də, iclas Heydərovun vəkili olmadan tələsik baş tutub və fəal həbsdə saxlanılıb.
“Bu məhkəmələrin iş qaydasında sadə haldır və tərəflərdən birinin təmsilçisi gecikərsə hər zaman gözlənilir. Lakin bu dəfə vəkili gözləmədən məhkəmə prosesini keçirdilər. Bu, Rauf Heydərovun müdafiə hüququnun kobud sürətdə pozulmasıdır”, - deyə Rəhimli bildirib.
Rauf Heydərov İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddələri ilə təqsirləndirilib. O, daha öncə martın 8-də Facebook səhifəsində mülki geyimli şəxslər tərəfindən izlənildiyini xəbər verib, daha sonra yaxınları onun saxlanıldığını bildirib. Fəal həmin gün axşam saatlarında sərbəst buraxılıb.
Bir gün sonra isə o, paytaxtın mərkəzində Cəfər Cabbarlı heykəli önündə həbsdə olan qadın jurnalistlərin fotolarının yer aldığı, onların azad olunmasına çağıran posterlə şəkil çəkdirib və sosial mediada paylaşıb. “Hökümət üçün qorxulu saatlar.. Sadəcə varlığımız bu ölkəyə, bu mübarizəyə yetir. Həmişə var olun”, o, paylaşımında qeyd edib.
Martın 8-i Beynəlxalq Qadınlar Günündə Azərbaycanda həbsdə olan 8 qadın jurnalistə ölkə xaricində yaşayan feminist fəallar tərəfindən dəstək ifadə olunub. Onlar ölkədə yaşayan şəxslərdən sözügedən posteri çap edərək və ya kompüter ekranına yerləşdirərək foto çəkdirib, #8Women8March heşteqi ilə sosial mediada yaymağa çağırış ediblər. Ölkə xaricində olanlara isə yaşadıqları şəhərdə 8 mart yürüşünə posterlə çıxaraq azərbaycanlı qadın jurnalistlərə dəstək olmaq təklif olunub.
Martın 8-i Azərbaycanda və xaricdə yaşayan onlarla fəal və jurnalist bu şəkildə həbsdə olan jurnalistlərə dəstək ifadə edib.
Azərbaycanda müstəqil jurnalistlərə qarşı son illərdə aparılan həbs dalğasında 9 qadın həbs olunub, onlardan biri ev dustaqlığına buraxılıb.
Forum