Yəhudi bir qrupdan ibarət nümayişçilər cümə axşamı Trump Tower binasının lobbisinə daxil olaraq, Kolumbiya Universitetinin Manhettendəki kampusunda tələbələrin İsrailin Qəzzaya qarşı müharibəsinə etirazlarına rəhbərlik edən fəalın həbsini pisləyib.
“Sülh Naminə Yəhudilərin Səsi” qrupunun etrazçıları üzərində “yəhudilər İsraili silahlandırmağa son deyir” şüarı yazılan qırmızı köynəklər geyinib, əllərində “faşizmə qarşı çıxmaq yəhudi ənənəsidir” və “nasislərlə mübarizə aparın, tələbələrlə yox” yazılan plakatlar tutub və “Məhmudu indi evinə qaytarın” şüarlarını səsləndiriblər.
ABŞ-ın daimi sakini olan, eyni zamanda Amerika vətəndaşı ilə evli olan və hər hansı qanun pozuntusu ittihamı irəli sürülməyən Mahmud Xəlil şənbə günü Nyu York şəhərindəki mənzili önündə saxlanılıb və o, deportasiya ilə üzləşir.
Prezident Donald Tramp deyib ki, Xəlilin həbsi qarşıdan gələn daha çox belə hallardan ilkidir. O, sosial mediada “terrorçü tərəfdarı, anti-semitik, anti-amerikan fəaliyyətlə” məşğul olan tələbələri deportasiya etməyi vəd edib.
Nümayişdən öncə Beşinci Avenyu küçəsində yerləşən binanın içi və önünə yerləşdirilən polis etirazçılara getmələri barədə xəbərdarlıq edəndən sonra, onları həbs etməyə başlayıb.
Etirazçılar arasında aktyor Debra Uinger olub. Uinger Tramp administrasiyasını “yəhudilərin təhlükəsizliyində marağı olmamaqda” və “antisemitizmə üstünlük verməkdə” ittiham edib.
Xəlilin dəstəkçiləri deyir ki, onun həbsi söz azadlığına hücumdur və onlar şəhərin başqa hissələri, habelə ölkə boyu başqa şəhərlərdə etirazlar keçiriblər.
Çərşənbə günü yüzlərlə insan onun işi ilə bağlı məhkəmə iclası zamanı Manhettendəki məhkəmə binasının önündə nümayiş keçirib.
Trump Tower Trump Təşklatının baş qərargahının yerləşdiyi binadır və prezident Nyu Yorka səfər edərkən orada qalır. Binanın önündə tez-tez Trampın lehinə və əleyhinə nümayişlər keçirilsə də, binanın içində etirazlar nadir hallarda olur.
30 yaşlı Xəlil Luizianada immiqrantların saxlanma mərkəzində saxlanılır.
Kolumbiya ötən il ABŞ universitetlərində baş verən fələstinli tərəfdarı etiraz hərəkatının diqqət mərkəzində olub. Etirazlar nəticəsində 2 mindən çox insan həbs edilib.
Xəlil Kolumbiya Universitetinin magistr proqramı üçün tələbləri dekabr ayında başa çatdırıb. Vəkilləri hüquqi sənədlərdə bildirib ki, Suriyada dünyaya gələn Xəlil evlərindən qaçmağa məcbur qalan fələstinlilərin nəvəsidir.
Forum