Sərhədsiz Reportyorlar təşkilatı (RSF) Azərbaycan hakimiyyətinin xarici media jurnalistlərinin akkreditasiyasını ləğv etməsini pisləyib.
Təşkilat martın 12-də yaydığı bəyanatında qeyd edib ki, Azərbaycan hakimiyyəti bu yaxınlarda saxta “qarşılıqlılıq” arqumentini əsas gətirərək, “BBC”, “Bloomberg”, “Amerikanın Səsi” kimi xarici mediaların jurnalistlərinin akkreditasiyasını ləğv edib və bu onların ölkədən xəbər vermələrini hüquqi cəhətdən qeyri-mümkün edib.
“RSF avtoritar rejimin mətbuat azadlığına basqılarını daha da gücləndirən bu özbaşına qərarı pisləyir və jurnalistlərin akkreditasiyasının dərhal bərpa olunmasını tələb edir”, bəyanatda qeyd edilir.
Təşkilat diqqəti “BBC”nin fevralın 13-də Bakıdakı ofisini bağlamağa məcbur qalmasına, Birləşmiş Ştatların “Bloomberg” mediası və “Amerikanın Səsi” mediasının jurnalistlərinin akkreditasiyalarının ləğv edilməsinə çəkib.
Bundan əlavə, Britaniyanın “Reuters” xəbər agentliyinin nümayəndəsi Azərbaycanda “Reuters” üçün işləyən iki müstəqil jurnalistin artıq akkreditasiyasının olmadığını Sərhədsiz Reportyorlara təsdiqləyib və bunu hökumətin xarici mediaya yalnız bir akkreditasiya verilməsi ilə bağlı yeni siyasəti ilə əlaqələndirib.
“BBC News” fevralın 20-də yaydığı bəyanatında deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyindən şifahi göstəriş aldıqdan sonra ölkədə ofisini bağlamaqla bağlı “könülsüz qərar” qəbul edib. “BBC” sözçüsü “mətbuat azadlığına qarşı bu məhdudlaşdırıcı addımdan dərin təəssüf hissi” keçirdiklərini əlavə edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə məsələnin “siyasiləşdirilməsini” və mətbuat azadlığı ilə bağlı tənqidi “qəbuledilməz” adlandırıb. Hacızadə “BBC”nin Azərbaycanda nümayəndəlik qismində fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığını və bunun “BBC”nin nümayəndələrinə rəsmi şəkildə çatdırıldığını deyib.
Rəsmi Bakı bu addımları “qarşılıqlıq” prinsipi ilə əlaqələndirib və Azərbaycandakı xarici media jurnalistlərinin sayının xaricdəki azərbaycanlı jurnalistlərlə balanslaşdırmaq məqsədi daşıdığını bildirib.
Ancaq Sərhədsiz Reportyorlar qeyd edir ki, rəsmi Bakının “azərbaycanlı jurnalistlər” adlandırdığı həmin şəxslər əslində dövlətin nəzarətində olan media qurumlarının nümayəndələridir.
“Jurnalistlərdən diplomatik münaqişələrdə, xüsusən də saxta “qarşılıqlılıq” bəhanəsi ilə vasitə kimi istifadə edilməməlidir. Bu əsassız qərarlar mətbuat azadlığına növbəti ağır zərbədir və Azərbaycanı kənar təftişdən daha da təcrid etmək məqsədi daşıyır”, RSF-in Şərqi Avropa və Mərkəzi Asiya bürosunun rəhbəri Janna Kavelye deyib və hakimiyyəti ləğv edilmiş akkreditasiyaları dərhal bərpa etməyə və xarici medianın tam müstəqil fəaliyyət göstərməsini təmin etməyə çağırıb.
Sərhədsiz Reportyorlar həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin dekabrında Rusiyanın dövlət agentliyi “Rossiya Segodnya”ya müsahibəsində Amerika mediasını aşağıladığını, “Amerikanın səsi”, “AzadlıqRadiosu” kimi əlaltı resursları vasitəsilə onlar gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar” deməsini xatırladıb.
Təşkilat əlavə edib ki, hökumət xarici media orqanlarının fəaliyyətini məhdudlaşdırmaqla yanaşı yerli müstəqil mediaya qarşı da təzyiqləri artırıb.
Bu xüsusda, ölkədə mənzillənən son müstəqil media orqanı – “Turan” xəbər agentliyinin “iqtisadi çətinlikləri” əsas gətirərək fevralın 13-də fəaliyyətini dayandırmalı olduğu, agentliyin saytına girişin artıq mümkün olmadığı vurğulanıb.
“Hökumətyönlü nəşrlər tərəfindən tez-tez kiberhücumlara və qarayaxma kampaniyalarına məruz qalan “Turan”ın bağlanması rejimin müstəqil xəbərləri boğmaq əzmini nümayiş etdirir”, RSF bildirib.
Sərhədsiz Reportyorlar bu məhdudlaşdırıcı addımların 2023-cü ilin noyabrında “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı və onun dörd həmkarının həbsi ilə başlayan artan təzyiqlər fonunda atıldığını qeyd edib.
Təşkilat hazırda Azərbaycanda 24 jurnalistin əsassız yerə həbsdə olduğunu, bunun İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlişindən bəri ən yüksək rəqəm olduğunu əlavə edib.
Azərbaycan Prezidenti daha əvvəl bir sıra çıxışlarında Azərbaycanda media azadlığının təmin edildiyini bildirib.
“Azərbaycanda heç bir senzura yoxdur, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərir. Ona görə Azərbaycanı medianın inkişafını guya əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsiz olardı”, Prezident Əliyev ötən ilin aprelində Berlində jurnalistlərin mediaya təzyiqlərlə bağlı sualına cavab olaraq bildirib.
“Xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb”, İlham Əliyev həbs edilən jurnalistlərlə bağlı deyib və əlavə edib ki, “bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb”.
Ötən həftə Azərbaycan Milli Məclisinin deputatı Zahid Orucov da parlamentdəki çıxışında hökumətin xarici media orqanları ilə bağlı qərarını müdafiə edib.
“Ölkəmiz simmetrik münasibət tələb edir, əks halda, məhdudlaşdırma tədbirlərinə qərar verilir. Yəni, bizə göstərilən münasibət təkrarlanır,” Orucov deyib.
Deputat iddia edib ki, hazırda ölkədə həbsdə olan jurnalistlər peşə fəaliyyətlərinə görə yox, “kənardan qeyri-şəffaf maliyyələşmə, xarici dövlətlərin məxfi siyasi layihələrində təsir agentlərinə çevrildiklərinə görə” məsuliyyət daşıyırlar.
“Məsələn, Abzas Media layihəsi əsla kütləvi informasiya vasitəsi (KİV) deyil, xəfiyyə və hibrid mübarizə platformasıdır,” Orucov qeyd edib.
“Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı isə martın 11-də keçirilən məhkəmə prosesində onların məhz peşə fəaliyyətlərinə görə həbsdə olduqlarını deyib.
“Həbsimiz İlham Əliyevin və ətrafının korrupsiya cinayətlərini üzə çıxardığımıza görə, bizi bu yolla işimizdən uzaqlaşdırmaq məqsədi daşıyır. Çünki biz hökumətin istədiyi kimi icazəli jurnalistika ilə məşğul olmaq istəmədik”, Vaqifqızı vurğulayıb.
Azərbaycanda 2023-cü ilin sonlarından etibarən başladılan cinayət təqibləri nəticəsində 20-dən artıq jurnalist, o cümlədən “Abzas Media”, “Toplum TV” və “Meydan TV” kimi müstəqil media orqanlarının kollektivləri bütövlüklə həbs edilib, redaksiyaları qapadılıb.
Avropa Şurası Jurnalistlərin Təhlükəsizliyi Platformasının tərəfdaş təşkilatlarının “Avropa Mətbuat Azadlığı” illik hesabatına əsasən, ötən il dekabrın 31-də Azərbaycanda 30 jurnalist və media əməkdaşı həbsdə olub.
Azərbaycan bu mənada bütün Avropa Şurası ölkələrini qabaqlayıb və Avropada yalnız Rusiya və Belarusdan (bu ölkələr Avropa Şurası üzvü deyil) geri qalıb.
Azərbaycan hökuməti jurnalistlərin konkret cinayət əməllərinə dair şübhələr əsasında həbs edildiyini bildirsə də, insan hüquqları təşkilatları hökumətə tənqidi mövqeyi ilə seçilən müstəqil media orqanlarının hədəf alınmasını siyasi motivli, jurnalistlərə qarşı ittihamları qondarma hesab edirlər.
Rəsmi Bakı daha əvvəl bir neçə dəfə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib.
Azərbaycanlı rəsmilər bir qayda olaraq fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayırlar.
Ancaq yerli hüquq müdafiə təşkilatlarına əsasən, Azərbaycanda hazırda 350-dən artıq siyasi məhbus var. Beynəlxalq hüquq müdafiə təşkilatları ötən il yarım ərzində jurnalist və fəalların kütləvi həbslərini “misli görünməmiş repressiyalar” kimi xarakterizə ediblər.
Azərbaycan Sərhədsiz Reportyorların 2024-cü il Qlobal Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 164-cü yerdə qərar tutub.
Forum