Ukrayna rəsmiləri çərşənbə günü bildiriblər ki, Rusiyanın raket hücumu gecə saatlarında cənubdakı Odesa liman şəhərini vurub. Nəticədə dörd suriyalı həlak olub və bir neçə nəfər yaralanıb.
Baş nazirin bərpa üzrə müavini Oleksiy Kuleba Telegram kanalında raketin Əlcəzairə ixrac ediləcək buğda ilə yüklənən yük gəmisini vurduğunu bildirib.
"Rusiya Ukraynanın infrastrukturunu, o cümlədən qlobal ərzaq təhlükəsizliyini təmin edən limanları hədəf alır", – deyə Kuleba vurğulayıb.
Daha bir raket hücumu Dnepropetrovsk regionunda, Prezident Volodimir Zelenskinin doğulduğu Kriviy Riq şəhərini vurub. Vilayət qubernatorunun sözlərinə görə, hücum nəticəsində ən azı bir nəfər həlak olub, doqquz nəfər yaralanıb.
Qubernator Serhiy Lisak bildirib ki, bölgə eyni zamanda Rusiyanın dron hücumlarına məruz qalıb və nəticədə çoxmərtəbəli binalar, inzibati obyektlər və bir məktəb zədələnib.
Zaporijye bölgəsi rəsmiləri isə Rusiyanın bir tibbi yardım maşınını dronla vurduğunu bildiriblər.
Ukrayna ordusu çərşənbə günü açıqlamasında bildirib ki, gecə saatlarında Rusiyanın 133 dronundan 98-ni vurub.
Hərbi qurumun sözlərinə görə, bu dronlar Çerkası, Çerniqiv, Dnepropetrovsk, Xarkiv, Xerson, Xmelnitski, Kyiv, Odessa, Poltava, Rivne, Sumı, Ternopil, Vinnitsa, Zaporijye və Jitomir vilayətləri üzərində vurulub.
Rusiya Müdafiə Nazirliyi çərşənbə günü bəyan edib ki, Bryansk, Kursk və Kaluga vilayətləri, eləcə də Qara dəniz və Rusiya tərəfindən işğal edilmiş Krım üzərində 21 Ukrayna dronunu məhv edib.
Həmin bölgələrin rəsmiləri Ukraynanın hücumları nəticəsində itkilər və ya zərər barədə məlumat verməyib.
Forum