İranda Novruz bayramı ərəfəsində rialın dəyərinin aşağı düşməkdə davam etməsi ilə bərabər müxtəlif şəhərlərdə dolanışıq vəziyyəti ilə bağlı tətil və etiraz aksiyaları da artıb.
Sosial media kanallarında yayılan xəbərlər və görüntülərə əsasən, Təbrizin Mərdaniazər xəstəxanasının tibb bacıları və digər çalışanları bazar ertəsi günü tətil və etiraz mitinqi keçiriblər.
İran İşçilərinin Azad Birliyinin Telegram kanalının yayımladığı bir videoda mitinq keçirən tibb bacıları “tibb bacısı olmasa, sistem çökər”, “tibb bacısının susması, həmkarına xəyanətdir” və “20 min tümən qarşılığında əlavə iş saatları istəmirik!” kimi şüarlar səsləndirdikləri görünür.
Araz News xəbər saytı və Təbrizim Instagram səhifəsi kimi mənbələrin bildirdiyinə görə, Mərdaniazər xəstəxanasında çalışan tibb bacıları 6 aydır gecikmiş müavinətlər, əlavə iş haqqı və digər ödənişlərini tələb edirlər.
Mənbələr son vaxtlar Təbrizin İmam Rza xəstəxanasında da tibb bacılarının etiraz aksiyası təşkil etdiyini yazıblar.
İran rialının dəyərinin azalmasının təsirləri Novruz bayramının ərəfəsi və Ramazan ayında daha artıq hiss edilməyə başlayıb. Rialın dəyərinin düşməsi son günlərdə yenə sürətlənib. Donald Tramp ABŞ prezident seçkilərində qalib gəldikdən sonra İran rialı xeyli dəyər itirib. Ancaq, keçən feral ayında İranın ali lideri ABŞ ilə danışıq aparılmasını qəbul etmədiyini açıqladıqdan sonra İran pulu daha sürətlə dəyər itirməyə başlayıb. Seyyid Əli Xameneyi bu yaxınlarda ABŞ ilə müzakirəni rədd etdiyinə dair sözlərini yeniləyib.
Forum