Martın 6-da Bakı Appelyasiya Məhkəməsində ayrı-ayrılıqda həbsdə olan jurnalistlər Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlının (Libre) barələrində verilmiş həbs qətimkan tədbirindən şikayətlərinə baxılıb. Məhkəmə onların heç birinin şikayətini təmin etməyib.
Qəhrəmanlının həyat yoldaşı Əsli Əlizadənin Amerikanın Səsinə bildirdiyinə görə, məhkəmə formal xarakter daşıyıb və müsbət gözlənti olmayıb.
Daha öncə fevralın 25-də Əlizadə mətbuata müsahibəsində jurnalistin saxlanıldığı gün evdə axtarış zamanı qaynanasına məxsus qızıl komplektinin polis tərəfindən götürüldüyünü yazmışdı. O, həmçinin evdən götürülən pul vəsaitinin Qəhrəmanlının ailəsinə məxsus olduğunu qeyd etmişdi. Əlizadənin açıqlaması Daxili İşlər Nazirliyi (DİN) tərəfindən təkzib olunmuşdu.
“Portağal Media”nın təsisçisi Nurlan Qəhrəmanlı (Libre) haqqında fevralın 21-də Xətai Rayon Məhkəməsində 1.5 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Jurnalistin “Meydan TV” ilə bağlı açılan cinayət işi çərçivəsində həbs edildiyi və qaçaqmalçılıqda ittiham olunduğu bildirilir.
Qəhrəmanlı həbsindən əvvəl çəkdiyi videomüraciətdə mümkün həbsi barədə danışaraq jurnalist fəaliyyəti ilə məşğul olduğunu və heç bir səhv iş görmədiyini deyib.
Fatimə Mövlamlının barəsində isə martın 1-də məhkəmə istintaq orqanının təqdimatı üzrə eyni maddə ilə 1 ay 9 gün müddətinə olmaqla həbs qətimkan tədbiri seçilib. Mövlamlının ailəsi martın 5-i onunla saxlandığı təcridxanada görüşüb. Jurnalist ailəsinə əhval-ruhiyyəsinin yaxşı olduğunu bildirib.
Mövlamlı “Meydan TV” işi ilə əlaqədar saxlanılan 10-cu jurnalist olub. Ötən ilin dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsi “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, müstəqil jurnalist Ramin Deko və media əməkdaşı Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir. Bu ilin fevral ayında isə jurnalistlər Şəmşad Ağa və Nurlan Qəhrəmanlı (Libre) eyni ittihamla və eyni iş üzrə həbs olunublar.
“Meydan TV” jurnalistlərin saxlanılmasının və dindirilməsinin qeyri-qanuni və onların peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Azərbaycanda 2023-cü ilin sonralarından başlayaraq 20-dən çox jurnalist və media əməkdaşı həbs edilib. Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) 2024-cü il üzrə hesabatında Azərbaycan jurnalistlərin ən çox həbs edildiyi ölkələr sırasında yer alıb.
CPJ martın 4-ü yaydığı bəyanatda Nurlan Qəhrəmanlı (Libre) və Fatimə Mövlamlının həbslərini pisləyib, Azərbaycan hakimiyyətini onları və həbsdə olan digər jurnalistləri azad etməyə çağırıb. Təşkilat bəyanatında qeyd edib ki, son həbslər hakimiyyətin əsl məqsədinin ölkə daxilində müstəqil medianın işini tamamilə boğmaq olduğunu aydın şəkildə göstərir.
Azərbaycan hökuməti jurnalistlərin konkret cinayət əməllərinə dair şübhələr əsasında həbs edildiyini bildirsə də, insan hüquqları təşkilatları, o cümlədən CPJ hökumətə tənqidi mövqeyi ilə seçilən müstəqil media orqanlarının hədəf alınmasını siyasi motivli, jurnalistlərə qarşı ittihamları qondarma hesab edir.
Rəsmi Bakı daha əvvəl bir neçə dəfə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib.
Ancaq yerli hüquq müdafiə təşkilatları Azərbaycanda hazırda 350-dən çox siyasi məhbusun olduğunu qeyd edirlər.
Forum