Ermənistanın Baş naziri Nikol Paşinyan martın 4-də ölkəsi və Azərbaycan arasında nəqliyyat əlaqələrinə toxunan məqalə ilə çıxış edib. Məqalədə Baş nazir Ermənistanın öz ərazisi üzərindən Azərbaycandan gələn yük və sərnişin daşımalarının Türkiyə və Naxçıvana getməsinə açıq olduğunu bildirib.
Paşinyan bildirib edib ki, hələ 2022-ci ildə onun başçılıq etdiyi hökumət iki ölkə sərhədindəki gömrük-keçid məntəqələrini yük və sərnişin daşımalarına açmaq təklifi ilə Azərbaycana müraciət edib, lakin qarşı tərəf etiraz edib. Naxçıvana Ermənistan üzərindən giriş üçün infrastrukturun hələ də hazır olmadığını xatırladan baş nazir əvəzində müvəqqəti olaraq Azərbaycandan gələn yüklərin Laçın-Kornidzor buraxılış məntəqəsi ilə Ermənistana və sonra Marqara məntəqəsi ilə Türkiyəyə daşınmasını təklif edib.
“Eynisi əks istiqamətə də aiddir. Bu cür tranzit yüklərin daşınması üçün lazım olan fiziki infrastruktur artıq hazırdır və görüləcək iş de-yure qərarın qəbul edilməsidir. Azərbaycan və Türkiyədən maraq olsa, belə bir qərarı qəbul etməyə hazırıq”, - deyə o bildirib.
Paşinyan yük nəqliyyatının təhlükəsizliyinə təminat verdiyini bildirib və əlavə edib ki, əgər azərbaycanlı sürücülərin Ermənistan daxilində sükan arxasında olmaqla bağlı “psixoloji çətinliyi” olarsa, nəqliyyatı Türkiyə nömrəli yük maşınları ilə həyata keçirmək olar.
Bununla belə, Ermənistan baş naziri qeyd edib ki, ölkəsi heç vaxt “suverenliyinin, yurisdiksiyasının və ya ərazi bütövlüyünün hər hansı yolla məhdudlaşdırılmasına” razılaşmayacaq və bu Ermənistanın cənubu üzərindən Azərbaycan və Naxçıvanı birləşdirəcək yola da aiddir.
Paşinyan həm də qeyd edib ki, 2022-ci ildə sərhəd keçidlərində pasport və yük yoxlanışlarının beynəlxalq orqana həvalə edilməsini təklif ediblər, amma Azərbaycan buna da razılaşmayıb.
O vurğulayıb ki, ölkəsi Azərbaycan-Naxçıvan əlaqəsi məsələsində maneə yaratmağa çalışmır. “Əgər Bakının narahatçılığı Naxçıvanla və geriyə doğru etibarlı yük daşımalarını təmin etməkdirsə, bu məsələ həllini tapır. Bircə Azərbaycanın “hə” deməsi qalır. Ermənistan ərazisində Nrnadzor-Karçevan dəmir yolunun tikintisi bir qədər vaxt aparacaq. Yerasx-Naxçıvan sərhədində daha bir qısa dəmir yolu xətti də çəkilməlidir, lakin bu, Ermənistan-Azərbaycan və Azərbaycan-Türkiyə dəmir yolu əlaqəsi üçün lazımdır və bu işi də tez yerinə yetirmək olar. Eyni prinsiplə biz Azərbaycandan Naxçıvana boru kəmərlərinin, elektrik xətlərinin, kabellərin tranzitini təmin etməyə hazırıq. Bu təkliflərin Azərbaycan tərəfindən niyə rədd edildiyi aydın deyil. Ümid edirəm ki, bu, eskalasiya üçün saxta bəhanə yaratmaq üçün deyil”, - deyə o yazıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Paşinyana cavabında Ermənistanın “mahiyyətcə lüzumsuz, icrası mürəkkəb və praktiki olaraq uzun marşrutlarla bağlı təkliflər” irəli sürməsinin “diqqəti prosesdən və öhdəliklərdən yayındırmağa” xidmət etdiyini deyib.
“Əgər Ermənistan tərəfi regionda kommunikasiyaların açılmasında həqiqətən maraqlıdırsa, o, öz öhdəliklərindən yayınmamalı və kommunikasiyaların açılmasını asanlaşdırmaq üçün yeni regional reallıqlara uyğun əməli addımlar atmalıdır”, - deyə o əlavə edib.
Azərbaycan tərəfi uzun müddətdir ki, Ermənistan üzərindən Naxçıvana gedəcək yolda gömrük yoxlanışlarının olmamasında israr edir. Paşinyan isə məqaləsində bu tələbə cavab olaraq bildirir ki, Azərbaycanın İranla Naxçıvana gedəcək yol üzrə razılaşmasında hansı hüquqi anlaşmalar nəzərdə tutulubsa, eyni anlaşmaları həyata keçirə bilərlər.
Forum