Sosial mediada yayılan məlumatlara görə, martın 3-də bir qrup fəal Təbriz şəhərində toplaşaraq, tanınmış milli fəal, mərhum Əziz Purvəlinin və 2022-ci il etirazlarında həyatını itirən Aylar Həqqinin məzarını ziyarət ediblər.
Məlumatı yayan Təbriz Səsi Telegram kanalı bildirib ki, mərasim "ehtiram və sayğı mühitində, ədalət uğrunda mübarizənin davam etdiriləcəyinə vurğu edilərək" keçirilib.
Əziz Purvəli İran Azərbaycanında tanınmış və nüfuzlu fəallardan biri olub. O, illər boyu azərbaycanlıların milli hüquqları uğrunda dinc mübarizə aparıb və bu yolda dəfələrlə təhlükəsizlik orqanları tərəfindən saxlanılıb, təqib olunub və müxtəlif təzyiqlərə məruz qalıb.
Purvəli 1990-cı illərdən etibarən İran azərbaycanlıları icmasında milli kimlik hərəkatının yüksəlişi ilə eyni vaxtda fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu mübarizəni davam etdirib. Bir müddət Təbrizin İmam Rza xəstəxanasında müalicə aldıqdan sonra, o, 2019-cu ildə dünyasını dəyişib.
Fəallar eyni zamanda, Aylar Həqqinin məzarını da ziyarət edərək onun xatirəsini anıblar. Aylar Həqqi Təbriz Azad Universitetinin tibb fakültəsinin tələbəsi olub və 2022-ci ildə baş verən etirazlar zamanı İran təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həlak olub. İran rəsmiləri isə onun "çuxura yıxılaraq öldüyünü" iddia edib. Bu, həmin ildə hökumətin etirazlar zamanı öldürülən digər insanların ölüm səbəbini ört-basdır etmək üçün irəli sürdüyü standart ssenarilərdən biri hesab edilir.
İran rejiminin qurumları etirazlarda baş verən ölüm hallarını "hündürlükdən yıxılma", "ürək tutması" və buna bənzər səbəblərlə izah edərək, məsuliyyəti öz üzərinə götürməkdən imtina edib.
Forum