Baş nazir Castin Trudo bazar günü bildirib ki, o, Prezident Donald Trampın dəfələrlə Kanadanın ABŞ-ın 51-ci ştatına çevrilməsi çağırışları etdiyi bir zaman Kanadanın suverenliyinin müdafiəsi ilə bağlı Kral Çarlsla danışacaq.
Trampın bu şərhləri Kanadada hiddətlə qarşılanıb və rəsmilər ölkənin ABŞ-ın bir hissəsi olmasına dair müzakirələri qəti şəkildə rədd ediblər.
Bazar ertəsi Kanadanın dövlət başçısı olan Kral Çarlsla görüşü zamanı Trudo “Kanada və kanadalılar üçün vacib məsələləri müzakirə etməyi” planlaşdırdığını bildirib.
“Və sizə deyə bilərəm ki, hazırda kanadalılar üçün öz suverenliyimizi və bir millət olaraq müstəqilliyimizi müdafiə etməkdən daha vacib heç nə yoxdur,” – deyə baş nazir Ukrayna ilə bağlı Londonda keçirilən sammit zamanı vurğulayıb.
Tramp noyabrda yeni müddətə seçildikdən sonra xüsusilə Kanadanın suverenliyi məsələsinə diqqət yetirib.
O, mütəmadi olaraq Kanadanı “51-ci ştat” və Trudonu isə “qubernator” adlandırır.
Tramp çərşənbə axşamı qüvvəyə minəcək ABŞ-ım əsas ticarət tərəfdaşına qarşı tariflər tətbiq olunmasına göstəriş verib və bildirib ki, əgər Kanada ABŞ-ın bir hissəsi olsa, bu tariflərdən yayınmaq olar.
Trudo keçən ay xəbərdarlıq edib ki, Trampın Kanadanı ABŞ-a birləşdirmək və onun təbii ehtiyatlarına çıxış əldə etmək barədə israrla danışması “real bir təhlükədir”.
Bəzi kanadalılar isə açıq şəkildə soruşurlar ki, Kral Çarls niyə Kanadanın müdafiəsinə dair hələ heç bir açıqlama verməyib.
Adətə görə, monarx Millətlər Birliyinə daxil olan ölkələrə aid məsələlərdə yalnız baş nazirin məsləhəti ilə hərəkət edir.
Keçən həftə Böyük Britaniyanın baş naziri Kir Starmer Trampı ikinci dəfə dövlət səfərinə dəvət edib və bu, Kralın Kanada suverenliyi məsələsini qaldırması üçün bir fürsət yarada bilər.
Bazar günü Londonda Ukraynanın təhlükəsizliyi ilə bağlı keçirilən sammitdə Trudo bir daha Kanadanın Ukraynaya olan sarsılmaz dəstəyini vurğulayıb və Rusiyaya qarşı yeni sanksiyalar elan edib.
Forum