Accessibility links

Zelenski və Tramp arasında yenidən mübahisə olub


Ukrayna Prezidenti Volodimir Zelenski. London, 2 mart, 2025.
Ukrayna Prezidenti Volodimir Zelenski. London, 2 mart, 2025.

Prezident Donald Tramp deyir ki, Ukrayna liderinin ölkəsinin Rusiya ilə müharibəsinin sonunun “hələ çox çox uzaqda” olduğuna dair qiymətləndirməsi onun edə biləcəyi “ən pis bəyanatdır” və “Amerika buna daha çox dözümlülük göstərməyəcək.”

Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında ötən həftə Ağ Evdə qızğın söz mübadiləsindən sonra onlar bazar ertəsi yenidən münaqişəyə mümkün sonla bağlı uzun məsafədən mübahisə ediblər.

Zelenski müharibənin yaxınlarda başa çatmasının çətin olduğuna dair fikir bildirib. O, bunu Kyiv qüvvələrinə davamlı hərbi yardım üçün Avropa liderlərindən geniş dəstək qazandıqdan sonra bazar günü gecə Londonu tərk edəndən sonra deyib və Ukraynanın ən böyük silah yardımçısı olan ABŞ-dan da eyni şeyi gözlədiyini bildirib.

“Düşünürəm ki, bizim [ABŞ-la] münasibətimiz davam edəcək, çünki bu, vaxtaşarı münasibətdən daha böyükdür,” deyə Zelenski bildirib. “İnanıram ki, Ukrayna yardım axınını davam etdirmək üçün Amerika Birləşmiş Ştatları ilə kifayət qədər güclü tərəfdaşlığa malikdir.”

Ancaq Tramp Zelenskinin bu sözlərinə etiraz edərək, bazar ertəsi Truth Social sosial media platformasında yazıb ki, “Mənim dediyimdir, bu oğlan Amerikanın dəstəyi olduğu təqdirdə sülh olmasını istəmir və Avropa, bu gün Zelenski ilə olan görüşündə açıq şəkildə bəyan etdi ki, onlar ABŞ olmadan işi görə bilmir.”

“Bəlkə də, Rusiyaya qarşı güc nümayişi baxımından bu çox da yaxşı bir bəyanat deyil,” Tramp deyib. “Onlar nə düşünür?”

Zelenski daha sonra X-də deyib ki, “Bu müharibəni mümkün qədər tez bitirmək üçün diplomatiyamızı həqiqətən əsaslı etməyə çalışmaq çox vacibdir.”

“Biz Amerika və avropalı tərəfdaşlarımızla birlikdə işləyirik və sülh yolunda ABŞ-ın dəstəyinə ümid edirik,” Zelenski deyib. “Sülhə mümkün qədər tez ehtiyac var.”

Tramp yüz minlərlə rusiyalı və ukraynalı döyüşçünün, habelə ukraynalı mülki vətəndaşların ölümü ilə nəticələnən döyüşlərə son qoymağa çağırıb. Amma Zelenski Trampın münaqişəni Kyivdən çox Moskva üçün əlverişli şərtlərdə həll etməyə çalışdığına dair narahatlığını ifadə edib.

Hazırda Rusiya Ukraynanın beynəlxalq səviyyədə tanınan ərazisinin beşdə birinə nəzarət edir və Ukraynanın şərqində aparılan döyüşlərdə yavaş-yavaş daha çox ərazi ələ keçirir.

Bundan öncə Ukrayna prezidenti Volodimir Zelenski bazar günü ölkəsinin ABŞ ilə nadir torpaq mineralları müqaviləsi imzalamağa hazır olduğunu və ABŞ prezidenti Donald Trampla münasibətləri xilas edə biləcəyinə inandığını bildirib.

Britaniyada Avropa liderlərinin toplantısından sonra jurnalistlərə açıqlama verən Zelenski ABŞ-ın da torpaq mineralları haqqında sazişi imzalamağa hazır olacağını düşündüyünü, lakin “bəzi şeyləri təhlil etmək üçün vaxt lazım ola biləcəyini” qeyd edib.

Keçən həftə Zelenskinin Ağ Evə səfəri zamanı iki tərəfin saziş imzalayacağı gözlənilirdi, lakin Tramp və ABŞ-ın vitse-prezidenti JD Vansla görüş zamanı kəskin fikir ayrılığından sonra razılaşma baş tutmayıb.

Zelenski bazar günü deyib ki, Ukrayna Rusiyanın üç ildir davam edən hərbi müdaxiləsinə qarşı mübarizədə ABŞ-ın köməyinə ümid edir.

“Düşünürəm ki, bu cür yardımın dayandırılması yalnız [Rusiya prezidenti Vladimir] Putinə kömək edəcək. Və buna görə də düşünürəm ki, ABŞ və sivil dünyanın nümayəndələri, bu dünyanın liderləri Putinə qəti şəkildə kömək etməyəcəklər”, Zelenski bildirib.

Tramp cümə günü görüşü zamanı ABŞ-ın Ukraynaya verdiyi milyardlarla dollarlıq yardımın əvəzini ödəmək üçün minerallara dair sazişi yekunlaşdırmaq istədiyi bir vaxtda Zelenskini naşükür adlandırıb.

Tramp müharibənin dayandırılmasının vacibliyini təbliğ edib və Putinlə də telefon danışığı aparıb. Bundan əlavə yüksək səviyyəli ABŞ rəsmiləri Ukrayna rəsmilərinin iştirakı olmadan potensial sülh razılaşmasını müzakirə etmək üçün Səudiyyə Ərəbistanında Rusiya rəsmiləri ilə görüşüb.

“Biz Putinlə bağlı narahat olmağa daha az vaxt sərf etməliyik, zorakı miqrant qrupları, narkobaronlar, qatillər və ölkəmizə daxil olan psixi müəssisələrdən olan insanlarla bağlı narahat olmağa daha çox vaxt sərf etməliyik ki, axırımız Avropa kimi olmasın” Tramp bazar günü özünün Truth sosial platformasında yazıb.

Bu açıqlama bazar günü Londonda Böyük Britaniyanın Baş naziri Keir Starmerin 18 müttəfiqinə ABŞ-ın Ukraynaya dəstəyində tərəddüd etməsi ilə Avropanın özünün "tarixi yol ayrıcında" olduğunu dediyi danışıqlardan sonra baş verib.

"Bu, daha çox danışmaq yox, hərəkət etmək vaxtıdır. Ədalətli və davamlı sülh üçün yeni plan ətrafında addım atmaq və rəhbərlik etmək və birləşmək vaxtıdır”, Starmer bildirib.

Forum

XS
SM
MD
LG