Avropa ölkələrinin liderləri, NATO və Avropa İttifaqının yüksək səviyyəli nümayəndələri martın 2-də Londonda Ukrayna üzrə sammitə toplaşıblar.
Böyük Britaniyanın baş naziri Key Starmerin təşəbbüsü ilə keçirilən sammitdə Nederland, Danimarka, İsveç, Norveç, Almaniya, İtaliya, Polşa liderləri, Fransa prezidenti Emmanuel Makron və Finlandiya prezidenti Aleksandr Stubb iştirak edirlər. Kanadanın baş naziri Castin Trüdo, Türkiyənin xarici işlər naziri Hakan Fidan, NATO-nun baş katibi Mark Rutte, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Avropa Şurasının rəhbəri Antonio Kosta da iştirakçılar arasındadır.
Böyük Britaniyanın baş naziri Kir Starmer sammitdən əvvəl deyib ki, Fransa və Britaniya “Ukrayna ilə münaqişəni dayandırmaq planı üzərində işləməyi və sonra bunu London danışıqlarında iştirak etməyən ABŞ-la müzakirə etməyi planlaşdırır”.
Eyni zamanda Starmer BBC-yə müsahibəsində vurğulayıb ki, Ukrayna ilə bağlı istənilən sülh sazişi ABŞ-dan təhlükəsizlik qarantiyaları tələb edəcək. Bu, Zelenski ilə Tramp arasında fevralın 28-də Ağ Evdə son dərəcə gərgin görüş zaman ortaya çıxan mübahisənin məqamlarından biri idi.
Avropa liderlərinin sammiti cümə günü Ağ Evdə ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında gərgin görüşdən sonra keçirilir.
Zelenski Vaşinqtona fevralın 28-də nadir torpaq mineralları ilə bağlı sazişin imzalanması üçün səfər etmişdi. Ağ Evin Oval kabinetində keçirilən görüşdə Zelenski, Tramp və vitse-prezident Vans arasında mübahisənin yaranması nəticəsində sənəd imzalanmayıb və Zelenski Ağ Evi erkən tərk edib.
Trampla görüşdən sonra Fox News tele kanalına müsahibə verən Zelenski aparıcının üzr istəməyə ehtiyac hiss edib-etmədiyi sualına cavab verərək, Trampa və Amerika xalqına minnətdar olduğunu, lakin pis bir hərəkət etdiyini düşünmədiyini bildirib.
Zelenski Vaşinqtondan sonra Londona uçub və orada şənbə günü baş nazir Starmerlə görüşüb. Böyük Britaniyanın baş naziri növbəti dəfə Ukraynaya dəstəyini ifadə edib. Starmerin Ukrayna prezidenti ilə görüşdən sonra Tramp və Fransa prezidenti Emmanuel Makrona zəng etdiyi, danışıqların təfərrüatları verilməsə də onların konstruktiv keçdiyi bildirilib.
Makron da öz növbəsində şənbə günü Zelenski və Trampla danışıb və Ağ Evdə yaranmış gərginlikdən sonra sakitliyə çağırıb.
Makron və Starmer Trampı Ukrayna ərazisinə sülhməramlılar yerləşdirmək, atəşkəsə tələsməmək və Kyivə təhlükəsizlik qarantiları təklif etmək planını təqdim etməyə inandırmaqla bağlı Avropa təşəbbüsü ilə çıxış ediblər.
Makron bildirib ki, Zelenski ona Vaşinqtonla dialoqu bərpa etməyə, o cümlədən ABŞ-a Ukraynanın təbii ehtiyatlarından gəlir əldə etmək imkanı verən razılaşmaya hazır olduğunu deyib.
Zelenski öz növbəsində X sosial şəbəkəsində yazıb ki, cümə günü Ağ Evdə baş verən gərginliyə baxmayaraq, o, hələ də ABŞ-la minerallar üzrə saziş imzalamağa hazırdır. Bununla yanaşı, Ukrayna prezidenti bir daha xatırladıb ki, Kyiv təhlükəsizlik qaranatiyaları tələb edir.
NATO-nun baş katibi Mark Rutte Zelenski ilə telefon danışığı zamanı vurğulayıb ki, Trampın Ukrayna üçün etdiklərinə hörmət edilməlidir. Rutte həmçinin qeyd edib ki, Ukrayna prezidenti ABŞ-la münasibətləri yaxşılaşdırmaq üçün bir yol tapmalıdır.
Forum