Fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Məclisin keçmiş üzvü Hüseyn Abdullayevə hökm oxunub. Çirkli pulları yumaqda ittiham olunan sabiq deputata 9 il həbs cəzası verilib.
Abdullayev səhhəti ilə əlaqədar məhkəməyə saxlandığı Bakı İstintaq Təcridxanasından onlayn formada qoşulub. Vəkili Günel İsmayılovanın Amerikanın Səsinə dediyinə görə, müvəkkili günahsız olduğunu bildirib və məhkəmədən bəraət istəyib.
İsmayılova əlavə edib ki, Abdullayevin özünün və ailəsinin istəyindən asılı olaraq qərardan appelyasiya şikayəti verilə bilər.
Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. Ona qarşı dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlar irəli sürülüb və o, 6 il azadlıqdan məhrum edilib.
Lakin, ötən il cəzasının bitməsinə 40 gün qalmış, Abdullayevin barəsində yeni cinayət işi açılıb və ona qarşı yenidən Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsiilə ittiham irəli sürülüb. Cinayət işində iddia olunurdu ki, Abdullayev 5,5 milyon manat pul vəsaitini leqallaşdırıb. Yanvarın 30-da keçirilən məhkəmədə prokuror iddianın sübut olunduğunu deyib və sabiq deputata əlavə 10 il cəza istəyib.
Abdullayev ilk dəfə 2007-ci ildə deputat ikən Milli Məclisdə digər deputat Fəzail Ağamalı ilə əlbəyaxa davanın ardından xuliqanlıq ittihamıyla həbs olunub. Elə həmin il şərti cəza ilə azadlığa çıxan Abdullayev 2014-cü ildə Almaniyada siyasi sığınacaq alıb.
Forum