Fevralın 25-də NATO Müttəfiqlərin Komandanlığının Transformasiyasında Azərbaycan, Portuqaliya, Ruminiya, Türkiyə və Yunanıstandan olan nümayəndələrin iştirakı ilə tədbir baş tutub. Bu barədə Azərbaycanın NATO-dakı missiyasının X səhifəsində məlumat verilib.
Məlumata əsasən, tədbirdə Azərbaycanın ilk dəfə olaraq NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzinə qoşulması haqqında razılaşmaya imza atılıb.
“Bu mərkəzin əsas məqsədi üzv ölkələrin dəniz təhlükəsizliyini təmin etmək və digər dövlətləri bu sahədə öz öhdəliklərini yerinə yetirməyə təşviq etməkdir”, Azərbaycanın NATO-dakı missiyasıınn bəyanatında bildirilib. Bəyanatda həm də qeyd olunur ki, imzalanan texniki müqaviləyə əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi üç il müddətinə mərkəzdə ölkəni təmsil edəcək.
Həmçinin nizamnaməyə uyğun olaraq, Azərbaycan bayrağının NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzində dalğalanacağı və ölkənin nümayəndəsinin orada daimi iştirak edəcəyi qeyd edilir.
Azərbaycanın NATO-dakı missiyası 1997-ci ildə prezident sərəncamı ilə yaradılıb. 2004-cü ildə isə Azərbaycan NATO-nun Əməliyyat İmkanları Konsepsiyasına və Fərdi Tərəfdaşlıq Fəaliyyət Planına qoşulub. Azərbaycan hərbçiləri NATO-nun Kosovo, İraq və Əfqanıstandakı sülhməramlı missiyalarında iştirak ediblər.
Forum