Ukraynanın bir neçə bölgəsi gecə saatlarında Rusiya hərbi qüvvələrinin hava hücumlarına məruz qalıb. Kyiv və Sumı rəsmiləri çərşənbə axşamı hücumlar nəticəsində yaralananların olduğunu və binaların zədələndiyini açıqlayıblar.
Kyiv vilayətinin qubernatoru Mikola Kalaşnikin sözlərinə görə, hücumlar nəticəsində 44 yaşlı bir qadın xəstəxanaya yerləşdirilib və bir neçə ev zədələnib.
Sumı rəsmiləri isə bildiriblər ki, Ukrayna hava hücumundan müdafiə qüvvələri yeddi dronu vurub, lakin hücumlar nəticəsində iki nəfər yaralanıb və iki yaşayış binasına ziyan dəyib.
Çerkası vilayətinin qubernatoru İqor Taburets çərşənbə axşamı Telegram kanalında hərbçilərin bölgə üzərində 20 dronu məhv etdiyini bildirib. Taburetsin sözlərinə görə, bu hücumlar nəticəsində xəsarət alan və ya ziyan dəymiş obyekt qeydə alınmayıb.
Dnipropetrovsk vilayətinin qubernatoru Serhiy Lısak hava hücumundan müdafiə qüvvələrinin Rusiyaya məxsus üç dronu məhv etdiyini bildirib. Mikolayiv vilayətinin qubernatoru Vitaliy Kim isə hərbçilərin region üzərində yeddi dronu vurduğunu açıqlayıb.
Ukrayna hərbi qüvvələrinin məlumatına görə, Rusiya tərəfindən buraxılan 213 drondan 133-ü, eyni zamanda altı qanadlı raket məhv edilib.
Rusiya Müdafiə Nazirliyi isə çərşənbə axşamı gecə saatlarında əsasən Rusiya-Ukrayna sərhədində yerləşən Bryansk vilayəti üzərində Ukraynanın 20 dronunu vurduğunu bildirib.
Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Telegram kanalında hücum nəticəsində heç kimin xəsarət almadığını qeyd edib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynanın digər dronları Kursk və Kaluga bölgələri üzərində vurulub.
Forum