Pakistan Baş naziri Şahbaz Şərif fevralın 24-də Azərbaycana iki günlük səfərinə başlayıb. Səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev fevralın 24-ü Pakistan baş naziri Məhəmməd Şahbaz Şərifi əvvəl təkbətək, daha sonra isə geniş heyətdə qəbul edib. Tərəflər ölkələr arasında siyasi və iqtisadi əməkdaşlığı müzakirə ediblər.
Əliyev çıxışında Azərbaycanın Pakistana sərmayələr qoyacağının anonsunu verib.
“Əminəm ki, səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək. Biz beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcəyik. Bu gün çox geniş iqtisadi gündəliyi razılaşdırdıq və iqtisadi əməkdaşlığımıza, eləcə də sərmayə imkanlarına aid praktiki layihələri müzakirə etdik. Azərbaycanın Pakistana sərmayələri ilə bağlı imzalanacaq sənədlərin bir ay ərzində hazırlanması məqsədilə artıq öz heyətlərimizə fəal çalışmaq təlimatlarını verdik”, deyə o bildirib.
Pakistan baş naziri Şahbaz Şərif də İlham Əliyevin Pakistana sonra səfərininin iki ölkə tarasında əlaqələri böyük dərəcədə gücləndirdiyini qeyd edib.
“Pakistan xalqı səfəriniz zamanı çox sevindi və məmnun oldu. Düşünürəm ki, Azərbaycan və Pakistan xalqlarının ürəyi bir döyünür. Mən bunu tam səmimi qəlbdən söyləyirəm. Siz hər zaman Pakistanın böyük dostu olmusunuz. Siz Pakistan xalqını sevirsiniz,” o deyib.
Daha sonra ölkə başçıları imzalanmış sənədlərin mübadilə mərasimində iştirak ediblər. İki ölkənin dövlət neft şirkətlərinin rəhbərləri, həmçinin xarici işlər nazirləri, anlaşma memorandumlarını mübadilə ediblər. Neft şirkətləri arasında bağlanmış memorandumların bəziləri mayeləşdirilmiş təbii qazın və neft məhsullarının alqı-satqısını əhatə edib.
Pakistan dövlət mediasında yer alan məlumata görə, iki ölkə ticarət, təhlükəsizlik və enerji sahələrində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər, və aprel ayında 2 milyard dollarlıq müqavilələr imzalayacaqlarını açıqlayıblar.
Şahbaz Şərif bazar ertəsi imzalanan Anlaşma Memorandumlarının və bu ilin aprelində imzalanacaq sazişlərin gələcəkdə çox yaxşı dividendlər əldə etmək üçün “səmimi səylərimizi təşviq etməyə böyük təsir göstərəcəyinə” əminliyini ifadə edib.
O bildirib ki, həm Pakistan, həm də Azərbaycanın müdafiə sahəsində əlaqələrini daha yüksək səviyyəyə çatdırmaqlarının vaxtıdır.
“ Müdafiə avadanlığının birgə istehsalına başlamaq öhdəliyinin də geniş təsirləri olacaq,” o deyib.
Azərbaycan Prezidenti İlham Əliyev də öz çıxışında mühüm ikitərəfli, regional və beynəlxalq məsələlərin müzakirə edildiyini, Pakistan ilə Azərbaycan arasında sıx tərəfdaşlıq əlaqələrinin olduğunu vurğulayıb.
“Biz bundan sonra da bütün beynəlxalq məsələlərdə, ölkələrimizin suverenliyi və ərazi bütövlüyü ilə bağlı bir-birimizi dəstəkləyəcəyik,” Azərbaycan prezidenti bildirib.
Günün ikinci yarısında Əliyev və Şərif Azərbaycan-Pakistan Biznes Forumunda iştirak ediblər. Axşam saatlarında isə Bakıda yerləşən “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti adından Pakistan Baş naziri Şahbaz Şərifin şərəfinə dövlət ziyafəti verilib.
Bu, Şərif 2024-cü ilin martında vəzifəyə gəldikdən bəri Azərbaycana ikinci səfəridir.
Forum