Prezident Donald Tramp şənbə günü dedi ki, “heç kim heç vaxt” administrasiyasının minlərlə federal işçini işdən çıxarmaq və hökuməti kiçiltmək cəhdi kimi “heç nə görməyib.”
Vaşinqton yaxınlığında Mühafizəkar Siyasi Fəaliyyət Konfransında (CPAC) ona pərəstiş edən izdiham qarşısında çıxış edən Tramp bildirdi ki, “Biz gələcək nəsillər üçün Amerika siyasətini idarə edəcək yeni və davamlı siyasi çoxluq yaradacağıq.”
Prezident, noyabr ayında seçicilərin ona ABŞ-Meksika sərhədində təhlükəsizliyi artırmaq, eyni zamanda hökumətdə əsaslı dəyişikliklər etmək və ilk administrasiyasında olduğu vergi güzəştlərini uzatmaq mandatı verdiklərini dedi və ilk həftələrini və administrasiyasının ilk həftələrini buna ayırmaq keçirdiyini bildirdi.
Bir saatdan çox davam edən çıxışında Tramp Respublikaçılar Partiyasının tarixə meydan oxuyacağını proqnozlaşdırdı. Belə ki, tarix göstərir ki, prezidentin partiyası adətən Konqresə aralıq seçkiləri zamanı çətinlik çəkir. O, Respublikaçılar haqqında "Mən, bəlkə də heç vaxt, bu səviyyədə olduğumuzu düşünmürəm," dedi.
"Heç kim heç vaxt belə bir şey görməyib və heç kim bizimki kimi dörd həftə görməyib" Tramp söylədi.
Tramp milyarder İlon Maska işdən çıxarılmaları həyata keçirməyə kömək etmək səlahiyyəti verib; Mask şənbə günü söz verdi ki, daha çox səylər aparılacaq.
"Prezident Donald Trampın göstərişlərinə uyğun olaraq, bütün federal işçilər qısa müddətdə keçən həftə etdiklərini anlamalarını istəyən bir e-mail alacaqlar," Mask sahibi olduğu X-də deyib. “Cavabın verilməməsi istefa kimi qəbul ediləcək.”
Tramp həmçinin şənbə günü dəfələrlə daha sərt immiqrasiya siyasəti həyata keçirəcəyini bildirdi. Lakin onun administrasiyasının həyata keçirdiyi kütləvi federal ixtisarlar bu səyləri kölgəyə salıb. O, əhəmiyyətli dərəcədə ixtisar edilmiş bir agentliyin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Vaşinqtondakı ofisinin Gömrük və Sərhəd Mühafizəsi rəsmilərinə təhvil veriləcəyini açıqladı.
"Agentliyin adı keçmiş binasından çıxarılıb," o dedi.
Prezident həmçinin əvvəlki vədlərini təkrarlayaraq, administrasiyasının ölkənin Fort Noksdakı qızıl depozitarını yoxlayacağını bildirdi.
"Bizə qoşulmaq istəyən varmı?,"o, izdihamın alqışları altında dedi. “Qızılın hələ də orada olub-olmadığını görmək istəyirik.”
"Donald, əsəbiləşmə"
Tramp çıxışının böyük hissəsini keçən ilki prezident seçkisi kampaniyasına ayırdı, keçmiş prezident Co Bayden ve seçki günündə qarşı-qarşıya gəldiyi və adını səhv tələffüz etdiyi keçmiş vitse-prezident Kamala Harrisə istehza etdi.
Prezident dedi ki, Baydenin dövründəki immiqrasiya və sərhəd siyasəti onu qəzəbləndirib.
"Mən buna dözə bilmirdim" Tramp dedi və öz-özünə xəbərdarlıq edərək, "Donald, əsəbiləşmə" dedi.
Tramp Çin prezidenti Şi Tsinpinlə bağlı daha xoş sözlər deyərək, "O mənim xoşuma gəlir" dedi və əlavə etdi: "Çin və bir çox başqa ölkə bizə çox ədalətsiz rəftar edib."
Prezident başqa dünya liderləri ilə görüşür
Konfrans çərçivəsində, Tramp Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı Avropada gərginliyin artması fonunda, Polşanın mühafizəkar prezidenti Andjey Duda ilə görüşdü. Tramp səhnəyə çıxdıqdan sonra Duda və Argentina prezidenti Havyer Mileyi salamladı.
Tramp Dudanı “fantastik insan və mənim yaxşı dostum” adlandırdı. O qeyd etdi ki, Milei "də bir MAGA adamıdır, Argentinanı Yenidən Möhtəşəm Et."
Duda keçmiş illərdə Trampla yaxın münasibətdə olan populistdir. Polşa Ukraynanın çoxdankı müttəfiqidir. Tramp Ukraynadakı döyüşlərə son qoymaq məqsədi ilə Rusiya rəsmiləri ilə birbaşa danışıqlar üçün yüksək səviyyəli xarici siyasət müşavirlərini Səudiyyə Ərəbistanına göndərməklə ABŞ-ın son illərdəki siyasətində dəyişiklik etdi.
Həmin görüşlərə Ukrayna və ya Avropa rəsmiləri daxil edilmədi, bu da ABŞ-ın müttəfiqlərini təşvişə saldı. Duda ilə üz-üzə görüşdükdən sonra Tramp bazar ertəsi Ağ Evdə Fransa prezidenti Emmanuel Makron və cümə axşamı Böyük Britaniyanın baş naziri Keir Starmer ilə görüşəcək.
Tramp ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında ictimai şəkildə söz mübadiləsi yaşanıb. Belə ki, ABŞ Prezidenti Zelenskini “diktator” adlandırıb və yanlış bir şəkildə müharibəni Ukraynanın başlatdığını irəli sürüb, ancaq cümə günü Rusiyanın qonşusuna hücum etdiyini etiraf edib.
Tramp çıxışı zamanı "Prezident Zelenski ilə məşğulam. Mən prezident Putinlə məşğulam" deyərək, Ukraynadakı döyüşlərlə bağlı "Bu, Avropaya təsir edir. Bu, əslində bizə təsir etmir" dedi.
Ukraynadakı müharibəni sona çatdırmaqla bağlı isə Tramp şənbə günü “Məncə, biz razılığa olduqca yaxınıq və razılaşmaya yaxın olsaq yaxşı olar” dedi.
Forum