Rusiya xarici işlər nazirinin müavini şənbə günü ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında üzbəüz görüşə hazırlıqların davam etdiyini bildirib. Bu da Qərbin Moskvanı Ukraynadakı müharibəyə görə təcridindən kəskin şəkildə uzaqlaşdığına işarədir.
Rusiya dövlət mediasına danışan Sergey Ryabkov deyib ki, Putinlə Tramp arasında mümkün sammitində təkcə Ukrayna müharibəsi deyil, qlobal məsələlərlə bağlı geniş danışıqlar aparıla bilər.
“Söhbət ölkələrimiz arasında münasibətlərin normallaşmasına doğru irəliləməyə başlamaqdan, ən kəskin və potensial olaraq çox, çox təhlükəli vəziyyətlərin həlli yollarının tapılmasından gedir ki, Ukrayna daxil olmaqla, belə vəziyyətlər çoxdur.”
Ancaq o, belə bir görüşün təşkili üçün səylərin ilkin mərhələdə olduğunu və bunun baş tutması üçün “ən intensiv hazırlıq işlərini”nin aparıldığını bildirib.
Ryabkov deyib ki, ABŞ və Rusiya nümayəndələri yüksək vəzifəli rəsmilər arasında gələcək danışıqlara zəmin yaratmaq üçün “yaxın iki həftə ərzində” görüşə bilərlər.
Rusiya və ABŞ-ın yüksək səviyyəli diplomatlarının məlumatına görə, çərşənbə axşamı iki ölkənin nümayəndələri Səudiyyə Ərəbistanında keçirilən yüksək səviyyəli görüşdə Ukraynadakı müharibəni dayandırmaq və diplomatik və iqtisadi əlaqələrini yaxşılaşdırmaq yolunda işə başlamaq barədə razılığa gəliblər. Həmin görüş Trampın rəhbərliyi altında ABŞ-ın xarici siyasətində qeyri-adi bir dəyişikliyiə işarə edib.
Görüşdən sonra ABŞ-ın Dövlət Katibi Marko Rubio AP-yə bildirib ki, iki tərəf üç məqsədə nail olmaq barədə geniş şəkildə razılığa gəliblər: Vaşinqton və Moskvadakı müvafiq səfirliklərində işçi heyətini bərpa etmək; Ukrayna sülh danışıqlarını dəstəkləmək üçün yüksək səviyyəli komanda yaratmaq; və daha sıx əlaqələri və iqtisadi əməkdaşlığın yollarını araşdırmaq.
Bununla belə, o, rusiyalı həmkarı Sergey Lavrovun və digər yüksək vəzifəli Rusiya və ABŞ rəsmilərinin iştirak etdiyi danışıqların söhbətin başlanğıcı olduğunu və daha çox iş görülməli olduğunu vurğulayıb. Lavrov da öz növbəsində görüşü “çox faydalı” adlandırıb.
Moskvanın qonşusuna hərtərəfli hərbi müdaxiləsindən üç il sonra, çətin vəziyyətdə olan ölkənin yavaş-yavaş da olsa getdikcə rus qoşunlarına qarşı daha çox mövqelərini itirdiyi bir vaxtda keçirilən görüşdə heç bir Ukrayna rəsmisi iştirak etməyib.
Ukrayna prezidenti Volodimir Zelenski Kyivin iştirak etmədiyi üçün ölkəsinin danışıqların heç bir nəticəsini qəbul etməyəcəyini deyib və o, Səudiyyə Ərəbistanına ötən çərşənbə günü planlaşdırılan səfərini təxirə salıb. Avropalı müttəfiqlər də danışıqlardan uzaqlaşdırılmalarından narahatlıqlarını ifadə ediblər.
Forum