Bazar günü Almaniyada keçiriləcək seçkilərdə miqrasiya və yaşayış xərcləri ilə bağlı narazılıqlar gərgin seçki kampaniyasının əsas mövzularıdır. Almaniyanın növbəti kansleri olmaq uğrunda yarışan aparıcı namizəd Vaşinqtonu seçkilərə müdaxilə etməkdə ittiham edib. Daha ətraflı Henri Ridcvelin hazırladığı reportajda.
Hartmut Küter keçmiş Şərqi Almaniyada böyüyüb və Almaniyanın birləşməsindən sonra uğurlu dülgərlik biznesi qurub. Onilliklər boyunca o, mərkəz-sağ Xristian Demokratlar Partiyasına səs verib.
Bu, 2015-ci ildə o zamankı kansler Angela Merkelin bir milyondan çox miqrantı ölkəyə buraxması ilə dəyişdi. Küter indi immiqrasiya əleyhinə mövqeyi ilə tanınan Almaniya üçün Alternativ (AfD) partiyasının üzvüdür.
Hartmut Küter, Dülgər: “Bura gələnlər sanki yalnız tünd dərili insanlar idi, onlar nə xoş xasiyyətlidirlər, nə nəzakətlidirlər, nə də istədiyim kimi davranırlar. Bir az hörmət göstərmək lazımdır, amma onlar bunu ümumiyyətlə etmirlər.”
AfD seçicilərin miqrasiyaya qarşı narazılıqlarını siyasi dividendə çevirməyə çalışır. Partiya sorğularda 21% dəstəklə ikinci yerdə qərarlaşıb.
Alis Videl, Almaniya üçün Alternativ Partiyasının Həmsədri: “Mənim mövqeyim qeyri-qanuni miqrasiyanı dayandırmaqdır.”
Bu arada, Almaniyada, sonuncusu cümə günü Münhendə olmaqla, son vaxtlar baş verən ölümcül terror hücumları miqrasiya ilə bağlı mübahisələri daha da gücləndirib.
AfD ABŞ prezidenti Donald Trampın müttəfiqi olan milyarder iş adamı İlon Maskın dəstəyini qazanıb.
Lakin partiyanın ritorikası bir çox almanları narahat edir. AfD daxili kəşfiyyat orqanları tərəfindən ekstremist təşkilat kimi nəzarət altında saxlanılır. Berlin və digər şəhərlərdə sağçı ekstremizmə qarşı etiraz aksiyaları keçirilib.
Antye Marta, Nümayişçi: “Düşünürəm ki, irqçilik və sağçı ritorikanın normaya çevrilməsi olduqca narahatedicidir.”
Təhlilçi Sara Vaqnerin sözlərinə görə, miqrasiya seçki kampaniyalarının əsas mövzusudur.
Sara Vaqner, Queen’s University Belfast: “Bu, insanların diqqət yetirdiyi əsas məsələlərdən biridir və onların səsvermə seçimlərini müəyyən edəcək. Yəqin ki, ikinci ən mühüm məsələ iqtisadi vəziyyətdir. İnsanlar 2021-ci ildə keçirilən son seçkilərlə müqayisədə daha ciddi yaşayış xərcləri böhranı ilə üzləşiblər.”
İqtisadi çətinliklər noyabr ayında üçpartiyalı koalisiya hökumətinin dağılmasına səbəb oldu.
Hakim Sosial Demokrat Partiyasının kansleri Olaf Şolts büdcə kəsirini aradan qaldırmaq və Ukraynaya hərbi yardımın maliyyələşdirilməsi üçün daha çox borc götürmək istəyir.
Seçkiqabağı sorğularda 29%-lə lider olan Xristian Demokratların lideri Fridrix Mers isə ölkənin daha çox borc götürməsinə qarşı çıxır.
Fridrix Mers, Xristian Demokrat Partiyasının Lideri: “Almaniya Federativ Respublikasının iqtisadiyyatı hazırda Avropa İttifaqında geridə qalan ölkələrdən biridir. Biz sonuncu yerdəyik.”
Mersin təkbaşına hökumət qurmaq üçün kifayət qədər səs toplamayacağı gözlənilir. Lakin o, sağçı AfD ilə koalisiya qurmayacağını açıq şəkildə bəyan edib.
Bu, ABŞ-ın vitse-prezidenti JD Vans tərəfindən tənqid edilib. O, cümə günü Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı “xalqın səsi əhəmiyyətlidir” deyərək Mersin qərarını dolayısı ilə tənqid edib.
Mers isə Vansı Almaniya seçkilərinə müdaxilə etməkdə günahlandırıb.
Forum