Accessibility links

İlham Əliyev İran parlamentinin sədrini qəbul etdi


Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafı qəbul edir. Bakı, Azərbaycan. 20 fevral, 2025.
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafı qəbul edir. Bakı, Azərbaycan. 20 fevral, 2025.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 20-də İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

“Azərbaycan Prezidenti iki ölkənin xalqlarının ortaq tarixi, mədəni və dini köklərinin olduğunu, xalqlarımızın yaxınlığını vurğuladı,” - prezidentin saytında bildirilir.

Sayta əsasən, müxtəlif səviyyələrdə ikitərəfli səfərlərin intensiv xarakter daşımasını məmnunluqla qeyd edən Əliyev bunu Azərbaycan-İran əlaqələrinin “dinamik surətdə inkişafının təzahürü” kimi qiymətləndirib. Dövlət başçısı daha sonra Şimal-Cənub nəqliyyat dəhlizinin və 3+3 formatının əhəmiyyətini vurğulayıb. O, regional məsələlərin region ölkələri tərəfindən həll edilməli və bölgədənkənar qüvvələrin regiona müdaxiləsinin qəbuledilməz olduğunu qeyd edib.

Öz növbəsində, Qalibaf Azərbaycan ilə İran arasında iqtisadiyyat, ticarət, elm, texnologiya, səhiyyə sahələrində və digər sahələrdə əməkdaşlığın inkişafı üçün çox yaxşı imkanların olduğunu bildirib.

Bundan iki gün öncə isə Azərbaycan Baş Naziri Əli Əsədov İran paytaxtı Tehrana işgüzar səfəri çərçivəsində fevralın 18-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşüb.

Azərbaycan və İran dövlət medialarının verdiyi məlumata görə, onlar Azərbaycan-İran münasibətlərinin dostluq və mehriban qonşuluq prisipi əsasında inkişafı ilə əlaqəli məsələlərlə bağlı fikir mübadiləsi aparıb.

Əli Əsədov Tehranda keçirilən 3-cü Xəzər İqtisadi Forumunda iştirak edib.

Bu görüşlər son zamanlarda İran-Azərbaycan münasibətlərində yaranan gərginlikdən sonraya təsadüf edir.

Belə ki, yanvarın son həftəsində Azərbaycanda və İranda hər iki ölkənin diplomatik nümayəndəliklərinin rəhbərləri Xarici İşlər Nazirliklərinə çağırılıb.

Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə yanvarın 24-də İranın Xarici İşlər Nazirliyində nazir köməkçisi və Xarici İşlər Nazirliyinin Avrasiya üzrə baş direktoru Müctəba Dəmirçili ilə görüşüb.

Yanvarın 25-də isə İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

İlham Əliyev bu ilin əvvəlində yerli jurnalistlərə müsahibəsində İranın ali dini liderinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amelinin Azərbaycan və onunla bağlı ifadələrini "təhqir" adlandırıb və İranın üzr istəməli olduğunu bildirib.

Eyni müsahibədə Əliyev İran hökumətini 2023-cü ilin yanvarında Tehranda Azərbaycan səfirliyinə silahlı hücum edən şəxs barədə çıxarılan ölüm hökmünü icra etməməsinə görə qınayıb. Bundan bir müddət sonra İranın Ali Məhkəməsi həmin şəxslə bağlı ölüm hökmünü təsdiqləyib və iş icraata göndərilib.

Əlavə olaraq, 2023-cü ilin fevralından İranda saxlanılan Azərbaycan vətəndaşı Fərid Səfərli beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində yanvarın 18-də İrandan təhvil alınaraq Azərbaycana qaytarılıb.

Azərbaycan və İran dövlət başçıları arasında son görüş ötən ilin mayında Əliyev və keçmiş İran prezidenti Seyid İbrahim Rəisi arasında iki ölkənin dövlət sərhədində olub. Rəisi görüşdən qayıdarkən vertolyot qəzasında həlak olub. İyulda seçilən prezident Məsud Pezeşkianla isə Əliyev hələ ki görüşməyib.

“İndi yeni hökumətlə bağlı olan münasibətləri hələ ki, təhlil etmək çətindir. Çünki mənim şəxsən yeni Prezidentlə görüşüm olmayıb. Əgər olsa və nə vaxt olsa, onda mən bu barədə danışa bilərəm,” Əliyev yanvarın 7-də jurnalistlərə bildirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG