Ermənistanın Baş Naziri Nikol Paşinyan ölkəsinin yeni konstitutsiya qəbul etməsini vacib sayır. Bu barədə o, fevralın 19-da yayılan, “Əsl Ermənistan İdeologiyası” adını verdiyi layihəsini təqdim etdiyi çıxışında bildirib.
“Bu əsl Ermənistan ideologiyası vətəni beynəlxalq səviyyədə tanınmış dövlət olan Ermənistan Respublikası ilə, vətənpərvərliyi isə həmin dövlətin maraqları, orada müəyyən edilmiş hüquq və vəzifələr sistemi ilə eyniləşdirir. Bu vətənpərvərlik modelinin inkişafı üçün xalqın, vətəndaşın özünü təkcə dövlətin qurucusu kimi deyil, həm də dövlətdə bərqərar olan hüquqi nizamın mənbəyi kimi dərk etməsi, dövlətdə bərqərar olan konstitutsiya quruluşunu öz iştirakı ilə əldə edilmiş milli birgəyaşayış konsensusu kimi dərk etməsi vacibdir,” Paşinyan çıxışında qeyd edib.
Davamında o, bildirib: “Yeni Konstitusiyanın ümumxalq səsverməsi yolu ilə qəbulu bu sistem üçün vacibdir, çünki hazırkı Konstitutsiyanın qəbulu üçün keçirilmiş bütün əvvəlki referendumlarda ən azı ictimai rəydə ciddi legitimlik yoxdur. Yeni Konstitusiyanın qəbul edilməsinin strateji məqsədi vətəndaşlığı olmayan millətin qalıq fəaliyyət sistemindən dövlət qurucularının fəaliyyət sisteminə keçiddir.”
Paşinyan çıxışında yeni konstitutsiyada konkret hansı dəyişiklikləri görmək istədiyini ifadə etməyib. Amma o, artıq bir ildən çoxdur ki, Ermənistanın yeni konstitutsiya üçün referenduma getməli olduğunu deyir. 2024-cü ilin yanvarında o, Ədliyyə Nazirliyində görüşündə bildirib: “Ermənistanın yeni konstitutsiyaya ehtiyacı var – konstitusional dəyişikliklər yox, məhz yeni konstitutsiya.”
Bəzi müşahidəçilər Paşinyanın məhz Azərbaycanın təzyiqi altında bu mesajları verdiyini güman edir. Azərbaycan tərəfi uzun müddətdir ki, Ermənistanla sülh müqaviləsi imzalanmasının tələblərindən biri kimi ölkənin konstitutsiyasından və başqa qanunvericiliklərdən Dağlıq Qarabağla bağlı hissələrin çıxarılmalı olduğunu deyir.
Ən son olaraq Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin dekabrında rusiyalı jurnalist Dmitri Kiselyova müsahibəsində Ermənistanın öz konstitusiyasını dəyişməli olduğunu deymişdi.
“Çünki konstitutsiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir,” Əliyev bildirmişdi.
Paşinyanın təklifi müxalifət tərəfindən isti qarşılanmır. “Ermənistan” fraksiyasının rəhbəri, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan fevralın 20-də jurnalistlərlə söhbətində yeni konstitutsiyaya ehtiyac olmadığını deyib.
Fevralın 20-də Ermənistanın Ədliyyə Naziri Srbuhi Galyan yeni konstitutsiya üçün referendumun böyük ehtimalla gələn ilin parlament seçkilərindən sonra keçiriləcəyini deyib.
Forum