İranda türk icmasının populyar komandası olan Traktor Asiya Çempionlar Liqası 2-nin 1/8 final mərhələsi çərçivəsində Bəhreynin Əl-Xalidiyyə komandası ilə matçı 3-3 hesabla bitirərək və iki görüşün nəticəsinə görə 5-4 hesabı ilə qalib gələrək tarixində ilk dəfə olaraq 1/4 finala vəsiqə qazanıb.
Bu barədə rəsmi İRNA xəbər agentliyi məlumat yayıb.
Bu matç 18 fevralda Təbrizin Səhənd stadionunda keçirilib. İlk hissədə Traktor rəqibi üzərində iki cavabsız qolla üstünlük qazansa da, ikinci hissədə bəhreynli futbolçular oyunu bərabərləşdirməyə nail olublar.
Bu, Traktorun beynəlxalq arenada indiyə qədər qazandığı ən böyük uğurdur. Azərbaycan təmsilçisi daha əvvəl 7 dəfə Asiya kuboklarında çıxış etmiş, lakin indiyədək heç vaxt pley-off mərhələlərinə adlaya bilməmişdi.
Bu isə o deməkdir ki, Traktor ilk dəfə olaraq Asiyanın ən güclü 8 komandası arasında yer alıb.
Hazırda Traktor futbol komandası İran Premyer Liqasında 19 oyundan 41 xal toplayaraq turnir cədvəlinin zirvəsində yer alır. Komanda indiyə qədər 13 qələbə, 2 heç-heçə və 4 məğlubiyyət qeydə alıb. Traktor 34 qol vurub və 10 qol buraxaraq, müsbət 24 top fərqi ilə çempionatın ən yaxşı göstəricilərindən birinə sahibdir.
Traktorun əsas rəqibləri turnir cədvəlində 40 xalla İsfahanın Sepahan komandası və 37 xalla Tehranın Persepolis komandasıdır.
Forum