Fevralın 15-də "Meclis.info" platformasının rəhbəri İmran Əliyev, həmçinin Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru (SMDT) Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Bu barədə onların vəkilləri məlumat verib.
Xətai Rayon Məhkəməsində hakim Əminə Abbasovanın sədrliyi ilə keçirilən prosesdə müstəntiq Nahid Abbaslı həbs müddətlərinin uzadılmasını istintaq orqanının müvafiq sorğularına cavabların gözlənilməsi ilə əsaslandırıb.
Hakim vəsatətləri təmin edib və hər ikisi barəsində seçilmiş həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.
Məhkəmənin qərarı ilə İmran Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 19 may 2025-ci ilədək, Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti isə 29 may 2025-ci il tarixinədək uzadılıb.
Anar Məmmədli 2024-cü ildə aprelin 29-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir.
Anar Məmmədli bundan öncə 2013-cü il dekabrın 17-də həbs olunub. O, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, seçki və referendumun nəticələrini saxtalaşdırmaqda ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məmmədli itiihamı qəbul etməyib və Amnesty International təşkilatı tərəfindən vicdan məhbusu elan edilib.
O, 2016-cı il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.
"Meclis.info" saytının rəhbəri İmran Əliyev isə 2024-cü ildə aprelin 18-də Heydər Əliyev Beynəlxalq Hava Limanında həbs olunub. Əliyev Cinayət Məcəlləsinin 206.3.1-ci (qaçaqmalçılıq - təkrar törədildikdə) və 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.
"Meclis.info" parlamentin fəaliyyətini monitorinq edən platformadır.
Anar Məmmədli və İmran Əliyev ittihamları qəbul etmirlər, həbslərini fəaliyyətləri ilə əlaqələndirirlər.
Azərbaycan rəsmiləri bir qayda olaraq Azərbaycanda söz və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların əsassız həbsi ilə bağlı ittihamları rədd edir, Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının təmin edildiyini vurğulayır.
Rəsmi Bakı jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin "kökündən yanlış və qəbuledilməz" olduğunu qeyd edir.
Forum