2025-ci ilin yanvar ayında Azərbaycandan Avropaya təxminən 1 milyard kubmetr qaz ixrac olunub. Bunu Azərbaycan energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.
Məlumata görə, ötən ay Türkiyəyə 0,7 milyard kubmetr, Gürcüstana isə 0,3 milyard kubmetr qaz ixrac olunub.
Həmçinin bu dövrdə TANAP-la Türkiyəyə 0,5 milyard kubmetr qaz nəql edilib.
Qeyd edək ki, ötən ay Azərbaycanda 3,9 milyard kub metr qaz hasil edilib ki, bunun da 2 milyard kub metri ixrac olunub.
Bununla belə, bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilin nəticələrinə həsr olunmuş hesabatında qeyd edilir ki, Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından təxminən 28 milyard standart kubmetr qaz və ümumilikdə 4 milyon tondan çox (təxminən 35 milyon barel) kondensat hasil edilib.
Qeyd edək ki, mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 79 milyon (ildə təqribən 29 milyard) standart kubmetrdir.
Müşahidəçilər hesab edir ki, Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra Avropa İttifaqı ölkələrinin Azərbaycanın enerji resuslarına marağı getdikcə artır. Onlar hesab edir ki, xüsusilə müharibə fonunda Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində bu ölkədən Aİ-na qaz ixracının dayandırılması Azərbaycanın qazına tələbatı artırıb.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə deyib ki, ilin birinci yarısında qaz hasilatı artsa da, neft və kondensat hasilatı 800 min tondan çox azalıb.
"Azərbaycan hökuməti cari ilin dövlət büdcəsini qəbul edərkən 2024-cü ildə ölkədə 29,6 mln ton neft və kondensat hasil edəcəyini proqnozlaşdırmışdı. Amma ilin ilk yarısının nəticələri onu göstərir ki, hasilat 29 milyon tondan aşağı səviyyəyə qədər azala bilər. Ötən il ölkədə 30,1 mln ton çıxarılmışdı", o qeyd edib.
Forum