"Abzas Media"nın həbsdə olan əməkdaşları fevralın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində təyin olunan məhkəmə prosesində iştirak etməkdən imtina etdiklərini bəyan ediblər.
Jurnalistlər saxlandıqları 1 saylı Bakı İstintaq Təcrdxanasında onlara qarşı zorakılıq və qeyri-insani rəftarla bağlı şikayətlərinin məhkəmə tərəfindən araşdırılmadığını bildirirlər. Onlar bu səbəbdən məhkəmədə iştirakdan imtina etməklə etirazlarını bildirirlər.
"Abzas Media" əməkdaşlarının yaydığı bəyanatda qeyd edilir ki, onlara zorakılıq törədən təcridxana əməkdaşları hələ də cəzalandırılmayıblar.
"Bu, o deməkdir ki, bizə qarşı belə davranışın göstərilməsini hökumət sifariş edir. Səbəb də təcridxanada baş verən qanunsuzluqları ictimailəşdirməyimizdir. Biz heç bir halda qanunsuzluqlara göz yummayacağıq", bəyanatda vurğulanır.
Jurnalistlər dəfələrlə təcridxanada baş verən çoxsaylı qanun pozuntularını, onlara qarşı törədilən fiziki və psixoloji zorakılıq hallarını ictimailəşdirdiklərini, lakin şikayətlərinin nəticəsiz qaldığını deyirlər.
Bəyanatda bildirilir ki, bu halları ictimailəşdirəndən sonra təcridxana rəhbərliyi jurnalistlərə qarşı təxribatlar təşkil edib, onların hüquqlarından istifadəsinə maneələr yaradıb.
Ötən ilin noyabrında medianın qadın korpusunda saxlanılan baş redaktoru Sevinc Vaqifqızı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova
kameralarının nəfəsliklərinin bağlanmasına etiraz edərkən zorakılığa məruz qalıblar. Jurnalistlərin o zaman yaydığı məlumatda qeyd olunurdu ki, nəzarətçilər Sevinc Vaqifqızının qolunu nəfəsliyin qapısı arasında qoyub göyərdiblər.
"Buna etiraz edən Nərgiz Absalamovanı isə Əzizə Məmmədova təhqir edib. Vahid adlı nəzarətçi isə məhbuslara hədə-qorxu gələrək onlardan Elnarə Qasımovanın əleyhinə məcburi şahid ifadələri alıb. Qadın məhbuslardan tələb olunub ki, ifadələrində jurnalistin nəzarətçini vurduğunu gördüklərini yazsınlar. Həmçinin "Abzas Media"nın direktoru Ülvi Həsənlinin 6 ay ərzində 1 saylı Bakı İstintaq Təcridxanasında 58 nəfərə işgəncə verilməsi ilə bağlı yazısından sonra rəis Elnur İsmayılovun birbaşa göstərişi ilə otaq yoldaşı onun üzərinə ülgüc çəkib, ölümlə təhdid edib" - deyə, məlumatda vurğulanır.
Medianın əməkdaşları bəyanatda bildirirlər ki, bu il təcridxananın qadın korpusunun Aygül Babayeva adlı əməkdaşı Sevinc Vaqifqızı və Nərgiz Absalamovaya qarşı zorakılıq edib.
"O, buna etiraz edən jurnalistlərə əmrin "yuxarıdan" verildiyini bildirib", məlumatda bildirilir.
Jurnalistlər qeyd edir ki, təcridxanadakı qanunsuzları ictimailəşdirdiklərinə görə, dəfələrlə ailələri ilə görüşlərinə maneələr yaradılıb, telefon danışıqları kəsilib.
Məsələ ilə bağlı Penitensiar Xidmətdən mövqe almaq mümkün olmayıb.
"Abzas Media işi" üzrə son məhkəmə iclası yanvarın 21-də keçirilib.
Saytın direktor müavini Məhəmməd Kekalovun yeni vəkilinin işlə tanış olması üçün növbəti proses fevralın 11-nə təyin edilib.
"Abzas Media" işi ilə bağlı nə baş verib?
"Abzas Media" ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli 2023-cü ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.
Mayın 30-da isə "Abzas Media" işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və "Abzas Media" ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.
Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu ilin avqust ayında isə "Abzas Media işi" üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.
Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.
Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Noyabrın 18-də Sərhədsiz Reportyorlar təşkilatı jurnalistlərə qarşı pis rəftarı qınayıb və onların azad edilməsinə dair çağırışını yeniləyib.
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl O’Flaherti də Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda jurnalistlərin, hüquq müdafiəçilərinin və fəalların həbsi ilə bağlı narahatlıq ifadə edib, onların azad edilməsinə çağırıb.
Rəsmi Bakı isə jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir, ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini bəyan edir.
Forum